Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Ey elçi!) Vaxtilə sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, - demişdi. Onlar belə demişdilər: “Orada fitnə-fəsad törədib qan tökəcək birinimi yaradacaqsan? Halbuki biz Sənə şükür edərək şəninə təriflər deyir və Səni müqəddəs tuturuq!” Allah: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm”, - demişdi.
(Bəqərə surəsi, 30)
Allah Adəmə hər şeyin adını öyrətdi. Sonra onları mələklərə göstərərək: “Əgər doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!” - dedi.
(Bəqərə surəsi, 31)
Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa hamısı səcdə etdi. O isə təkəbbürlənərək boyun qaçırdı və inkar edənlərdən oldu.
(Bəqərə surəsi, 34)
Biz dedik: “Ey Adəm, zövcən (Həvva) ilə cənnətdə məskunlaşın və oradakı nemətlərdən istədiyiniz qədər bol-bol yeyin! Ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.
(Bəqərə surəsi, 35)
Nəhayət, Adəm Rəbbindən (tövbə etmək üçün xüsusi) sözlər öyrəndi. Allah da onun tövbəsini qəbul etdi. Həqiqətən, O, tövbələri qəbul edəndir, mərhəmətlidir.
(Bəqərə surəsi, 37)
Həqiqətən, Allah Adəmi, Nuhu və İbrahim ilə İmran ailəsini aləmlərə (insanlara) üstün etdi.
(Ali İmran surəsi, 33)
Onlar, biri digərindən (törəmiş) bir nəsil olaraq gəlmişdilər. Allah eşidəndir, biləndir.
(Ali İmran surəsi, 34)
Həqiqətən, Allah nəzdində İsanın məsəli (İsanın atasız dünyaya gəlməsi) Adəmin məsəli kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “Ol!” - dedi, o da dərhal oldu.
(Ali İmran surəsi, 59)
Onlara, Adəmin iki oğlunun əhvalatını həqiqət olaraq danış. Vaxtilə onlar qurban gətirmişdilər. Onlardan birinin (Habilin qurbanı) qəbul olunmuş, digərininki (Qabilin qurbanı) isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan qardaş qısqanclığından qardaşına) demişdi: “Səni mütləq, öldürəcəyəm!” (Qardaşı isə) demişdi: “Allah yalnız müttəqilərdən (qurbanı) qəbul edər.
(Maidə surəsi, 27)
And olsun ki, sizi yaratdıq və sonra sizə (ən gözəl) surət verdik. Sonra mələklərə: “Adəmə səcdə edin!” - dedik. İblisdən başqa (hamısı) dərhal səcdə etdi. O, səcdə edənlərdən olmadı.
(Əraf surəsi, 11)
Allah buyurdu: “Mən sənə əmr etdiyim zaman səcdə etməyinə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha xeyirliyəm (üstünəm). Məni oddan, onu isə palçıqdan yaratmısan”.
(Əraf surəsi, 12)
(Allah buyurdu:) “Ey Adəm, sən və zövcən cənnətdə məskunlaşın və istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız”.
(Əraf surəsi, 19)
Sizi tək bir candan (Adəmdən) yaradan və onunla ünsiyyət etməsi üçün ondan da zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) ona (Həvvaya) sarıldıqda (cinsi əlaqəyə girdikdə) o yüngül bir yüklə yükləndi (hamilə oldu) və onu (bətnində) daşıdı. (Hamiləliyi) ağırlaşdığı zaman Rəbbi olan Allaha: “Əgər bizə qüsursuz bir uşaq versən, həqiqətən, şükür edənlərdən olacağıq!” - deyə dua etdilər.
(Əraf surəsi, 189)
Həqiqətən, Biz insanı uzun müddət qalan (rəngi və qoxusu dəyişmiş) quru palçıqdan yaratdıq.
(Hicr surəsi, 26)
Bir zaman Rəbbin mələklərə demişdi: “Mən uzun müddət qalan (rəngi və qoxusu dəyişmiş) quru palçıqdan bir bəşər yaradacağam.
(Hicr surəsi, 28)
Bir vaxtlar mələklərə (və İblisə): “Adəmə səcdə edin!” - demişdik. İblisdən başqa (onların hamısı) dərhal səcdə etdilər. İblis isə: “Palçıqdan yaratdığın birinəmi səcdə edəcəyəm?” – dedi.
(İsra surəsi, 61)
Bir zaman mələklərə: “Adəmə səcdə edin!” - demişdik. Cinlərdən olan İblis istisna olmaqla, (bütün mələklər) dərhal səcdə etdilər. Beləcə, o, Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və onun nəslini özünüzə dost tutursunuz? Halbuki, onlar sizin düşməninizdir. Zalımlar üçün bu nə pis bir mübadilədir!
(Kəhf surəsi, 50)
Onlar Allahın nemət verdiyi elçilərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
(Məryəm surəsi, 58)
Vaxtilə Biz mələklərə: “Adəmə səcdə edin!” - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdə etməyi) rədd etdi.
(Taha surəsi, 116)
Buna görə də Biz dedik: “Ey Adəm! Şübhəsiz, bu (İblis) həm sənin, həm də zövcənin düşmənidir. Nəbadə sizi cənnətdən çıxartsın! Yoxsa (dünyada) məşəqqət çəkərsən.
(Taha surəsi, 117)
Ancaq şeytan ona vəsvəsə verərək belə dedi: “Ey Adəm! Sənə əbədilik ağacını və sonsuz bir səltənəti göstərimmi?
(Taha surəsi, 120)
Beləcə, ondan yedilər və buna görə də ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə cənnət yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub doğru yoldan azdı.
(Taha surəsi, 121
)