Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Ey İsrail oğulları!) Vaxtilə sizə ağır işgəncələr verən, oğlan uşaqlarınızı kəsərək öldürüb qadınlarınızı sağ buraxan Firon əhlinin əlindən sizi xilas etmişdik. Bu, sizin üçün Rəbbiniz tərəfindən böyük bir imtahan idi.
(Bəqərə surəsi, 49)
Həcc və ümrəni Allah üçün tam yerinə yetirin! Əgər qarşınıza bir maneə çıxarsa, sizə asan başa gələn bir qurbanlıq göndərin! Qurbanlıq öz yerinə çatana qədər başlarınızı qırxdırmayın! Sizdən kim xəstə olar, yaxud başındakı bir narahatçılığa görə əziyyət çəkərsə, fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneələrdən) əmin olduğunuz təqdirdə, kim həccə qədər ümrədən istifadə edərsə, asan başa gələn bir qurban kəssin! Kim qurbanlıq tapmazsa, əvəzində həcdə üç gün və qayıtdıqdan sonra yeddi gün oruc tutmalıdır. Bu, tam on gündür. Bu, ailəsi Məscidi-haram ətrafında yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
(Bəqərə surəsi, 196)
Elçiləri onlara belə dedi: “Onun hökmdarlığının əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, həmçinin Musa və Harun nəslinin arxada qoyduğu qalıntılar vardır. Onu mələklər gətirəcək. Əgər inanırsınızsa, bunda sizin üçün bir dəlil vardır”.
(Bəqərə surəsi, 248)
(Onların halı,) Firon camaatı və onlardan əvvəlkilərin halı kimidir. Onlar Bizim ayələrimizi yalanladılar. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın cəzası şiddətlidir.
(Ali İmran surəsi, 11)
Həqiqətən, Allah Adəmi, Nuhu və İbrahim ilə İmran ailəsini aləmlərə (insanlara) üstün etdi.
(Ali İmran surəsi, 33)
Əgər o ikisinin (ər-arvadın) aralarının dəyməsindən qorxsanız, onda kişinin ailəsindən bir münsif, qadının ailəsindən də bir münsif göndərin. Əgər (bu iki vasitəçi, ər-arvadı) barışdırmaq istəsələr, Allah o ikisinin arasını düzəldər. Həqiqətən, Allah hər şeyi biləndir, hər işdən xəbərdardır.
(Nisa surəsi, 35)
Yoxsa onlar Allahın Öz lütfündən bəxş etdiyi şeylərə görə insanlara həsədmi aparırlar? Halbuki, Biz İbrahim ailəsinə kitab və hikmət vermiş, onlara böyük bir hökmranlıq bəxş etmişdik.
(Nisa surəsi, 54)
Səhvən olması istisna olmaqla, heç bir möminin (başqa) bir mömini öldürməyə haqqı yoxdur. Kim bir mömini səhvən öldürərsə, mömin bir qul azad etməli və (ölənin) ailəsinə qanbahası verməlidir. (Öldürülənin ailəsinin qanbahasını) bağışlaması istisnadır. Əgər (öldürülən şəxs) mömin olub sizə düşmən bir tayfadan olarsa, mömin bir qul azad etmək lazımdır. Əgər (öldürülən şəxs) sizinlə aralarında müqavilə olan bir tayfadandırsa, o zaman onun ailəsinə qanbahası verməli və mömin bir qul azad etməlidir. Kim (buna imkan) tapa bilməsə, arxaarxaya iki ay oruc tutmalıdır ki, Allah tərəfindən tövbəsi qəbul edilsin. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 92)
Allah səhvən ağzınızdan çıxan andlarınıza görə sizi cəzalandırmaz. Lakin bilərək etdiyiniz andlara görə sizi cəzalandırar. Bunun da kəffarəsi, ailənizə yedirdiyinizin orta hesabından on yoxsulu doyurmaq, yaxud onları geyindirmək və yaxud da bir kölə azad etməkdir. Kimin (bunları etməyə) imkanı yoxdursa, üç gün oruc tutmalıdır. And içdiyiniz təqdirdə, andlarınızın kəffarəsi budur. Elə isə andlarınızı qoruyun (riayət edin). Allah ayələrini bu şəkildə sizə izah edir ki, bəlkə şükür edəsiniz.
(Maidə surəsi, 89)
Zövcəsi istisna olmaqla, onu (Lutu) və ailəsini xilas etdik. Zövcəsi (əzab içində) qalanlardan oldu.
(Əraf surəsi, 83)
Həqiqətən, Firon ailəsini quraqlıq və məhsul qıtlığı ilə cəzalandırdıq ki, bəlkə, düşünüb ibrət alalar.
(Əraf surəsi, 130)
Vaxtilə sizə əzabın ən şiddətlisini verən Firon əhlindən sizi xilas etdik. Onlar sizin oğlanlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən (sizin üçün) böyük bir imtahan vardı.
(Əraf surəsi, 141)
Firon ailəsi və onlardan əvvəlkilərin hərəkətlərinə bənzəyir. Onlar da Allahın ayələrini inkar etmişdilər. Ona görə də Allah onları günahlarına görə cəzalandırmışdı. Şübhəsiz ki, Allah güclüdür, cəzası şiddətlidir.
(Ənfal surəsi, 52)
Firon ailəsi və onlardan əvvəlkilərin hərəkətlərinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalanlamışdılar. Biz də onları günahlarına görə məhv etmişdik. Firon ailəsini isə (dənizdə) boğmuşduq. Onların hamısı zalım idi.
(Ənfal surəsi, 54)
Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz (Nuha) dedik: “(Heyvanların )hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. (Əslində), onunla birlikdə az adam iman gətirmişdi.
(Hud surəsi, 40)
Nuh Rəbbinə səslənib dedi: “Ey Rəbbim! Oğlum mənim ailəmdəndir. Şübhəsiz, Sənin vədin də haqdır. Sən hakimlərin hakimisən (ən ədalətli hakimsən)!”
(Hud surəsi, 45)
Allah buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki bu (onun etdiyi əməl), pis bir işdir. Ona görə də bilmədiyin bir şeyi Məndən istəmə! Sənə cahillərdən olmamağı tövsiyə edirəm”.
(Hud surəsi, 46)
(Mələklər) dedilər: “Ey Lut! Biz Rəbbinin elçiləriyik. Onlar əsla sənə dəyə bilməzlər. Arvadın istisna olmaqla, ailənlə birlikdə gecənin bir vaxtı yola çıx və sizdən heç kim arxaya baxmasın! Onların düçar olacağı əzaba o (arvadın) da düçar olacaqdır. Həqiqətən, onlara vəd olunan əzabın vaxtı səhərdir. Səhər yaxın deyilmi?!”
(Hud surəsi, 81)
Beləcə, Rəbbin səni seçəcək və sənə yuxuların yozumunu öyrədəcəkdir. Daha əvvəl ataların İbrahimə və İshaqa (elçilik) nemətini bəxş etdiyi kimi, sənə və Yaqub nəslinə də bəxş edəcəkdir. Şübhəsiz ki, Rəbbin hər şeyi biləndir, hikmət sahibidir”.
(Yusif surəsi, 6)
İkisi də qapıya tərəf qaçdılar. (Züleyxa) onun köynəyini arxadan cırdı. Qapının ağzında (Züleyxanın) əri ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana atılmaq, yaxud şiddətli bir işgəncədir!”
(Yusif surəsi, 25)
Yusif qulluğundakı cavanlara dedi: “Onların (mübadilə üçün gətirdikləri) mallarını yüklərinin arasına qoyun! Ola bilsin ki, ailələrinin yanına qayıtdıqları zaman bunu başa düşər və geri qayıdarlar”.
(Yusif surəsi, 62)
Onlar yüklərini açdıqları zaman (mübadilə üçün apardıqları) mallarının geri qaytarıldığını gördülər və belə dedilər: “Ay ata, daha nə istəyirik?! Budur, öz mallarımız da bizə geri qaytarılıb. Bununla ailəmizə yenə ərzaq gətirərik və qardaşımızı da qoruyarıq. Bir dəvə yükü ərzaq da artıq alarıq. (Çünki indi gətirdiyimiz) bu ərzaqın miqdarı çox azdır”.
(Yusif surəsi, 65)
Onlar (Yusifin) hüzuruna daxil olduqları zaman dedilər: “Ey vəzir! Bizə və ailəmizə qıtlıq üz verib və biz dəyərsiz bir malla gəlmişik. Bizim haqqımızı tam ölçərək ver, bizə sədəqən olsun! Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar”.
(Yusif surəsi, 88)
Mənim bu köynəyimi aparıb atamın üzünə qoyun, o görməyə başlayacaq. Sonra da bütün ailənizlə mənim yanıma gəlin!”
(Yusif surəsi, 93)
O zaman Musa öz qövmünə belə demişdi: “Allahın sizə olan nemətini xatırlayın! Çünki O, sizə şiddətli işgəncə verən və (yeni doğulan) uşaqlarınızı öldürüb qadınlarınızı sağ buraxan Firon ailəsindən sizi xilas etdi. (Bütün) bunlarda Rəbbinizdən sizin üçün böyük bir imtahan vardır”.
(İbrahim surəsi, 6)
Ancaq Lutun ailəsi istisnadır. Biz, əlbəttə, onların hamısını xilas edəcəyik.
(Hicr surəsi, 59)
Elçilər Lut ailəsinin yanına gəldikləri zaman;
(Hicr surəsi, 61)
Gecənin bir vaxtı ailəni yola çıxart, sən də onların arxasınca get. Sizdən heç kim dönüb arxasına baxmasın və sizə əmr olunan yerə gedin!”
(Hicr surəsi, 65)
Kitabda (Quranda) Məryəmi də yad et! Bir zaman o, ailəsindən ayrılaraq şərq tərəfdə bir yerə çəkilmişdi.
(Məryəm surəsi, 16)
Bir zaman o, bir alov görmüş və ailəsinə belə demişdi: “Siz (burada) qalın! Mən bir alov gördüm. Bəlkə, mən ondan sizə bir məşəl gətirər, yaxud alovun yanında bir bələdçi taparam”.
(Taha surəsi, 10)
Ailəmdən də mənə bir köməkçi ver -
(Taha surəsi, 29)
(Ey elçi!) Nuhu da (yad et)! Daha əvvəl o dua etmiş, Biz də onun duasını qəbul etmişdik. Beləliklə, onu və (iman etmiş) qohumlarını böyük fəlakətdən xilas etmişdik.
(Ənbiya surəsi, 76)
Beləliklə, Biz onun duasını qəbul edib dərgahımızdan bir mərhəmət və ibadət edənlər üçün bir xatirə olsun deyə onun başına gəlmiş bütün bəlaları sovuşdurduq, ailəsini geri verdik və onlarla yanaşı bir o qədərini də ona bəxş etdik.
(Ənbiya surəsi, 84)
Bu zaman ona belə vəhy etdik: “Nəzarətimiz altında və əmrimizlə gəmini düzəlt! Əmrimiz gəlib təndir qaynadığı zaman hər növ heyvandan erkək və dişi olmaqla bir cüt ora mindir. Əleyhində hökm verilmiş kimsələr istisna olmaqla, ailəni də gəmiyə mindir. Zülm etmiş kimsələr barəsində Mənə yalvarma! Onlar hökmən suda boğulacaqlar.
(Muminun surəsi, 27)
Ey Rəbbim! Məni və ailəmi onların etdiklərindən xilas et!”
(Şuəra surəsi, 169)
Beləcə, onu və bütün ailəsini xilas etdik,
(Şuəra surəsi, 170)
Bir zaman Musa öz ailəsinə: “Mən (uzaqda) bir od gördüm. Sizə oradan bir xəbər gətirəcəyəm, yaxud bir köz gətirəcəyəm ki, isinəsiniz”, - demişdi.
(Nəml surəsi, 7)
Onlar öz aralarında Allaha and içərək belə dedilər: “Gecə ona (Salehə) və ailəsinə hücum edək (hamısını öldürək), sonra da vəlisinə: “Onun ailəsinin öldürüldüyü əsnada biz orada olmamışıq. Həqiqətən, biz doğru deyirik”, - deyək.
(Nəml surəsi, 49)
Qövmünün cavabı isə yalnız: “Lut ailəsini məmləkətinizdən çıxarın! Çünki onlar çox təmiz kimsələrdir”, - demələri oldu.
(Nəml surəsi, 56)
Beləliklə, arvadı istisna olmaqla, onu və ailəsini xilas etdik. Arvadının geridə (əzaba düçar olanların arasında) qalmasını təqdir etdik.
(Nəml surəsi, 57)
Beləcə, Fironun ailəsi özlərinə düşmən və başlarına bəla olacaq Musanı (nil çayından) götürdü. Həqiqətən, Firon, Haman və onların əsgərləri səhv yolda idilər.
(Qəsas surəsi, 8)
Biz əvvəlcədən ona süd analarını (onlardan süd əmməsini) qadağan etmişdik. Buna görə də Musanın bacısı belə dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona yaxşı davranacaq bir ailə göstərimmi?”
(Qəsas surəsi, 12)
Nəhayət, Musa (çobanlıq) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir alov gördü. Ailəsinə: “Siz burada qalın! Mən bir alov gördüm. Bəlkə, oradan sizə bir xəbər, yaxud isinə bilməyiniz üçün bir köz gətirərəm”, - dedi.
(Qəsas surəsi, 29)
İbrahim: “Axı Lut da oradadır”, - dedi. Onlar: “Biz orada kimlərin olduğunu çox yaxşı bilirik. Arvadı istisna olmaqla, onu və ailəsini, əlbəttə, xilas edəcəyik. Arvadı (əzab içində) qalanlardan olacaq”. - dedilər.
(Ənkəbut surəsi, 32)
Elçilərimiz Lutun yanına gəldiklərində Lut onlara görə narahat oldu və ürəyi sıxıldı. Onlar belə dedilər: “Qorxma, kədərlənmə! Şübhəsiz, biz arvadın istisna olmaqla, səni və ailəni xilas edəcəyik. O, (əzab içində) qalanlardan olacaqdır.
(Ənkəbut surəsi, 33)
Onun üçün istəyinə uyğun məbədlər, heykəllər, hovuzlara oxşar ləyənlər və yerindən tərpədilə bilməyən iri qazanlar düzəldirdilər. Ey Davud ailəsi, Allaha şükür edin! Bəndələrimdən şükür edənlər azdır.
(Səba surəsi, 13)
O zaman onlar nə vəsiyyət edə biləcək, nə də ailələrinin yanına qayıda biləcəklər.
(Yasin surəsi, 50)
Onu və ailəsini böyük fəlakətdən xilas etmişdik.
(Saffat surəsi, 76)
Bir zamanlar onu və bütün ailəsini xilas etmişdik.
(Saffat surəsi, 134)
Bizdən bir mərhəmət və təmiz ağıl sahibləri üçün bir ibrət olsun deyə ona həm ailəsini, həm də onlarla birlikdə bir o qədərini verdik.
(Sad surəsi, 43)
Firon ailəsindən olub imanını gizlədən bir nəfər mömin belə dedi: “Siz bir adamı yalnız: “Rəbbim Allahdır!” - dediyinə görə öldürəcəksiniz? Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o yalançıdırsa, onun yalanı öz əleyhinədir. Əgər o doğru deyirsə, sizə vəd etdiyinin (əzabın) bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşan yalançını doğru yola yönəltməz.
(Mömin surəsi, 28)
Bədəvi ərəblərdən geridə qalanlar sənə: “Mallarımız və ailələrimiz bizi (döyüş üçün səfərə çıxmaqdan) yayındırdı. Ona görə də Allahdan bizim bağışlanmağımızı dilə!” - deyəcəklər. Onlar dilləri ilə qəlbində olmayanı deyirlər. De: “Əgər Allah sizə bir zərər, yaxud xeyir vermək istəsə, kim Ona qarşı çıxa bilər?! Xeyr! Allah sizin etdiklərinizdən xəbərdardır.
(Fəth surəsi, 11)
Əksinə, siz elçinin və möminlərin bir daha ailələrinin yanına qayıtmayacaqlarını zənn etmişdiniz. Bu, sizin qəlbinizin xoşuna gəldi və pis zənn bəslədiniz. Siz məhv olmağa layiq kimsələr oldunuz.
(Fəth surəsi, 12)
İbrahim dərhal ailəsinin yanına getdi və kök bir buzov (qızardıb) gətirdi.
(Zəriyət surəsi, 26)
Belə deyəcəklər: “Biz daha əvvəl ailəmizin yanında (Allahın əzabından) qorxurduq.
(Tur surəsi, 26)
Biz onların üstünə daş yağdıran bir fırtına göndərdik. Yalnız Lut ailəsini sübh çağı xilas etdik.
(Qamər surəsi, 34)
Fironun qövmünə də xəbərdarlıqlar gəlmişdi.
(Qamər surəsi, 41
)