Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Qeybin açarları Allahın yanındadır. Ondan başqası onları bilə bilməz. O, quruda və dənizdə nə varsa, hamısını bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqları içindəki toxum və yaş-quru nə varsa, hamısı açıq-aydın bir kitabdadır (lövhi-məhfuzdadır).
(Ənam surəsi, 59)
Kora, çolağa, xəstəyə və sizə öz evlərinizdə, atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları sizdə olan evdə, yaxud dostunuzun evində yemək yeməyiniz günah deyildir. Bir yerdə, yaxud ayrı-ayrı yeməyiniz də günah deyildir. Evlərə daxil olduğunuz zaman Allahdan xeyir-bərəkət diləyərək bir-birinizi salamlayın! Allah ayələri sizə belə açıqlayır ki, bəlkə, düşünüb anlayasınız.
(Nur surəsi, 61)
Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz.
(Qəsas surəsi, 76)
Göylərin və yerin açarları Ondadır. Allahın ayələrini inkar edənlər əsil ziyana uğrayanlardır.
(Zumər surəsi, 63)
Göylərin və yerin (xəzinələrinin) açarları Ondadır. O, istədiyi kimsənin ruzisini bol, istədiyinin ruzisini də az verər. O, hər şeyi biləndir.
(Şura surəsi, 12
)