Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilən heyvanın ətini qəti haram etmişdir. Lakin kim çarəsiz qalarsa, zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməsində ona heç bir günah yoxdur. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Bəqərə surəsi, 173)
Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş (pir və ziyarətgahlarda kəsilən, nəzir deyilən), boğulmuş, (daş, ağac və s. ilə) vurulmuş, (yuxarıdan yuvarlanaraq) yıxılıb ölmüş, buynuzlanıb ölmüş və vəhşi heyvanların parçalayıb yediyi heyvanlar sizə haram edildi. Canı çıxmadan kəsdikləriniz isə istisnadır. Dikinə qoyulmuş daşların (bütlərin) qarşısında kəsilmiş heyvanlar və falçılıq ilə qismətinizi axtarmağınız da (haram edilmişdir). Bunlar günah işlərdir. Bu gün inkar edənlər sizin dininizdən (dininizi yıxmaqdan) ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq səbəbilə çətinliyə düşərsə, günaha meyil etmədən (haram ətdən, ölməyəcək qədər yeyə bilər). Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Maidə surəsi, 3)
De: “Mənə vəhy olunanların içində murdar olmaları səbəbilə leş, axıdılan qan, yaxud donuz əti və ya günah olaraq Allahdan başqasının adı ilə kəsilmiş heyvan istisna olmaqla, yemək yeyən bir kimsəyə haram edilmiş bir şey görmürəm. Kim məcbur qalarsa, həddi aşmadan zəruri ehtiyacı qədər (yeyərsə, bilsin ki), Rəbbin şübhəsiz, bağışlayandır, rəhmlidir!
(Ənam surəsi, 145)
Şübhəsiz ki, Allah sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası adına kəsilən heyvanı haram etmişdir. Ancaq kim məcbur qalarsa, (başqasının hüququna) təcavüz etmədən və həddi aşmadan bunlardan yeyə bilər. Çünki Allah bağışlayandır, rəhmlidir.
(Nəhl surəsi, 115)
Onların nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır. Beləcə, onları sizin xidmətinizə verdik ki, sizi doğru yola yönəltdiyi üçün Allahı uca tutasınız. Yaxşı əməl sahiblərinə müjdə ver!
(Həcc surəsi, 37)
Bu heyvanları onların əmrinə verdik. Onlardan bəzilərinə minir, bəzilərini də yeyirlər.
(Yasin surəsi, 72)
Ey iman edənlər! Zənnin çoxundan uzaq durun! Həqiqətən, zənnin bir qismi günahdır. Bir-birinizi güdməyin və bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz, ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı?! Gördünüzmü bu sizdə ikrah hissi oyatdı. Allahdan qorxun! Şübhəsiz ki, Allah tövbələri çox qəbul edəndir, rəhmlidir.
(Hucurat surəsi, 12)