Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Boşanan qadınlar üç aybaşı müddəti gözləməlidirlər. Əgər Allaha və qiyamət gününə iman ediblərsə, bətnlərində Allahın yaratdığını gizlətmək onlara halal olmaz. Əgər ərləri barışmaq istəsələr, bu müddət ərzində onları geri almağa (hər kəsdən) daha çox layiqdirlər. Adətə görə kişilərin qadınları üzərində hüquqları olduğu kimi, qadınların da kişiləri üzərində müəyyən hüquqları vardır. Kişilərin isə onların üstündə bir dərəcələri vardır. Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Bəqərə surəsi, 228)
Əgər onu (üçüncü dəfə) boşasa, daha sonra (həmin qadın) başqa birinə ərə gedənə qədər ona halal olmaz. (İkinci əri) onu boşayarsa və əgər Allahın hüdudlarında qala biləcəklərinə inanırlarsa, (ilk əri ilə) evlənməsində günah yoxdur. Bunlar anlayanlar üçün Allahın bəyan etdiyi hüdudlardır (hökmlərdir).
(Bəqərə surəsi, 230)
Qadınları boşadığınız və gözləmə müddətləri bitdiyi zaman, əgər aralarında müvafiq şəkildə razılığa gəliblərsə, onların yenidən öz ərləri ilə evlənmələrinə mane olmayın! Bu, sizdən Allaha və axirət gününə inananlar üçün bir nəsihətdir. Bu, sizin üçün daha xeyirli və daha pakdır. Allah bilir, siz isə bilməzsiniz.
(Bəqərə surəsi, 232)
Əgər o ikisinin (ər-arvadın) aralarının dəyməsindən qorxsanız, onda kişinin ailəsindən bir münsif, qadının ailəsindən də bir münsif göndərin. Əgər (bu iki vasitəçi, ər-arvadı) barışdırmaq istəsələr, Allah o ikisinin arasını düzəldər. Həqiqətən, Allah hər şeyi biləndir, hər işdən xəbərdardır.
(Nisa surəsi, 35)
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (özündən) üz çevirməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlmələri onlara günah deyil. Barışmaq daha xeyirlidir. nəfs xəsisliyə (qısqanclığa) hazırdır. Əgər yaxşı dolanıb (Allahdan) qorxsanız, (bilin ki,) şübhəsiz, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Nisa surəsi, 128)
(Sara) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də yaşlı bir kişi ikən övladım ola bilərmi?! Həqiqətən, bu çox qəribədir!”
(Hud surəsi, 72)
Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini əri, atası, ərinin atası, övladları, ərinin övladları, bacı-qardaşları, bacı-qardaşlarının övladları, qadınlara, sahib olduğu cariyələr, qadınlara ehtirası olmayan xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!
(Nur surəsi, 31
)