Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İman edib saleh əməl işləyənləri altından çaylar axan cənnətlərlə müjdələ! Onlara hər dəfə oradan bir ruzi verildikdə: “Bu, daha əvvəl bizim (dünyada) yediyimiz ruzidir”, - deyəcəklər. Halbuki (dünyada) onlara bunun bənzəri verilmişdi. Orada onlar üçün tərtəmiz zövcə də var. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 25)
Şübhəsiz ki, (əvvəlki elçilərə) iman edənlər, yəhudilər, xristianlar və sabiilərdən hər kim Allaha və axirət gününə iman edib saleh əməl işləyərsə, onların mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Bəqərə surəsi, 62)
İman edib yaxşı işlər görənlər isə cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 82)
De: “Allah haqqında bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona təslim olanlarıq”.
(Bəqərə surəsi, 139)
Həqiqətən, iman edib xeyirli işlər görən, namazı qılan və zəkatı verən kimsələr üçün Rəbbi yanında mükafatları vardır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Bəqərə surəsi, 277)
İman edib yaxşı işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam olaraq verəcəkdir. Allah zülm edənləri sevməz.
(Ali İmran surəsi, 57)
İman edib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün tər-təmiz zövcə vardır. Onları (orada) sıx kölgəliklərə daxil edəcəyik.
(Nisa surəsi, 57)
İman edib yaxşı işlər görənləri isə, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. (Bu,) Allahın haqq olan vədidir. Söz (vermək və onu tutmaq) baxımından Allahdan daha doğru kim ola bilər?!
(Nisa surəsi, 122)
Kişi, yaxud qadınlardan hər kim mömin olaraq yaxşı işlər görərsə, onlar cənnətə daxil olacaqlar. Onlara xurma çərdəyinin ipi qədər belə haqsızlıq edilməyəcək.
(Nisa surəsi, 124)
İman edib yaxşı işlər görənlərə gəldikdə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən onlara daha çoxunu da bəxş edəcəkdir. (Allaha ibadət etməyi) özlərinə ar bilib təkəbbürlük göstərənlərə gəldikdə isə, Allah onları acı bir əzabla cəzalandıracaqdır. Onlar özləri üçün (əzabdan xilas olmaq üçün) Allahdan başqa nə bir dost, nə də bir köməkçi tapacaqlar.
(Nisa surəsi, 173)
Allah iman edib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir.
(Maidə surəsi, 9)
Şübhəsiz, iman edənlər, yəhudilər, sabiilər və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı işlər görənlər üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Maidə surəsi, 69)
İman edib yaxşı işlər görənlər (Allahdan) çəkinərək iman edər və saleh əməllər edər, sonra yenə (Allahdan) çəkinib iman edər, sonra yenə (Allahdan) çəkinib yaxşı işlər görərlərsə, (haram edilməmişdən əvvəl) daddıqlarına (yeyib-içdiklərinə) görə onlara heç bir günah yoxdur. Allah yaxşı əməl sahiblərini sevər.
(Maidə surəsi, 93)
İman edib yaxşı işlər görənlərə gəldikdə, - Biz heç kimə gücü yetdiyindən artıq (vəzifə) yükləmərik - onlar cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Əraf surəsi, 42)
Ayələrimizi və axirətə qovuşmağı yalanlayanların əməlləri puça çıxmışdır. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər.
(Əraf surəsi, 147)
O zaman şeytan onlara etdikləri əməlləri gözəl göstərdi və dedi ki: “Bu gün insanlardan, sizə qalib gələ biləcək heç kim yoxdur və əlbəttə, mən də sizin yanınızdayam!” Ancaq iki dəstə bir-birini gördüyü zaman geri döndü və dedi ki: “Mən sizdən uzağam. Mən sizin görmədiyiniz şeyləri (mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allahın əzabı şiddətlidir!”
(Ənfal surəsi, 48)
Digərləri isə günahlarını etiraf etdilər. Onlar yaxşı əməli pis əməllə qarışdırmışdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul edər. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.
(Tövbə surəsi, 102)
Mədinəlilərə və onların ətrafındakı bədəvi ərəblərə Allahın elçisindən geri qalmaq və onun canından əvvəl öz canlarını düşünmələri yaraşmaz. Bu, onların Allah yolunda susuzluğa, yorğunluğa və aclığa düçar olmaları, inkar edənləri qəzəbləndirəcək bir yerə ayaq basmaları və düşmənə qarşı zəfər qazanmalarının özlərinə yaxşı bir əməl kimi yazılması üçündür. Şübhəsiz ki, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz.
(Tövbə surəsi, 120)
Allahın haqq vədi olaraq hamınızın dönüşü Onadır! Həqiqətən, O, məxluqatı yoxdan yaradır, sonra isə iman edib yaxşı işlər görənləri ədalətli bir şəkildə mükafatlandırmaq üçün onu (dirildərək) geri qaytarır. İnkar edənlərə gəldikdə, inkar etdiklərinə görə onlar üçün qaynar sudan bir içki və acı bir əzab vardır.
(Yunis surəsi, 4)
Şübhəsiz ki, iman edib yaxşı işlər görənləri, iman etdiklərinə görə Rəbbi doğru yola yönəldər. Nemətlərlə dolu cənnətlərdə onların altından çaylar axar.
(Yunis surəsi, 9)
Hansınızın əməlinin daha gözəl olacağını sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur. O zaman Onun ərşi su üzərində idi. Əgər sən: “Həqiqətən, siz öldükdən sonra dirildiləcəksiniz!” - desən, inkar edənlər mütləq: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir”, - deyəcəklər.
(Hud surəsi, 7)
Ancaq (müsibətlərə) səbir edib yaxşı işlər görənlər istisnadır. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır.
(Hud surəsi, 11)
Həqiqətən, iman edib yaxşı işlər görən və Rəbbinə qəlbən boyun əyənlər cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Hud surəsi, 23)
İman edib saleh əməl işləyənlərin xoş halına! Onlar üçün gözəl bir qayıdış yeri (cənnət) vardır.
(Rad surəsi, 29)
İman edib yaxşı işlər görənlər isə Rəbbinin izni ilə, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil ediləcəklər. Onlar orada bir-birləri ilə: “Salam!” – deyərək görüşəcəklər.
(İbrahim surəsi, 23)
Qoy onlar yeyib-içib keflərini sürsünlər və boş ümidlər onları məşğul etsin. Tezliklə (əməllərinin nəticəsini) biləcəklər.
(Hicr surəsi, 3)
Kişi və ya qadınlardan mömin olaraq kim yaxşı işlər görərsə, ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.
(Nəhl surəsi, 97)
Şübhəsiz ki, bu Quran ən doğru yola yönəldir və yaxşı işlər görən möminləri böyük bir mükafat ilə müjdələyir.
(İsra surəsi, 9)
O, (Quranı) Öz tərəfindən göndəriləcək şiddətli bir əzaba qarşı (insanları) xəbərdar etmək və yaxşı işlər görən möminləri gözəl bir mükafat ilə müjdələmək üçün doğru bir kitab olaraq nazil etdi.
(Kəhf surəsi, 2)
İman edib yaxşı işlər görənlərə gəldikdə, şübhəsiz ki, Biz yaxşı əməl sahiblərinin mükafatını zay etmərik.
(Kəhf surəsi, 30)
İman edib saleh əməl edən kimsəyə gəldikdə, onun üçün ən gözəl mükafat vardır. Biz ona asan işləri buyuracağıq”.
(Kəhf surəsi, 88)
İman edib yaxşı işlər görənlərə gəldikdə, onlar üçün məskən olaraq Firdövs cənnətləri vardır.
(Kəhf surəsi, 107)
De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız tək olan ilahdır. Ona görə də kim Rəbbinə qovuşacağını ümid edirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kimi Ona şərik qoşmasın!”
(Kəhf surəsi, 110)
Ancaq tövbə edib iman edən və yaxşı işlər görənlər istisnadır. Onlar cənnətə girəcəklər və heç bir haqsızlığa məruz qalmayacaqlar.
(Məryəm surəsi, 60)
Şübhəsiz, Rəhman (olan Allah) iman edib yaxşı işlər görənlərin qəlbində bir-birinə qarşı sevgi yaradacaqdır.
(Məryəm surəsi, 96)
Kim də yaxşı əməllər etmiş bir mömin olaraq Onun hüzuruna gələrsə, onlar üçün ən yüksək dərəcələr vardır.
(Taha surəsi, 75)
Həqiqətən, Mən tövbə edib iman edən, yaxşı işlər görən sonra da doğru yolda gedən kimsəni bağışlayanam!
(Taha surəsi, 82)
Hər kim mömin olaraq saleh əməllər etmişsə, o nə haqsızlığa məruz qalmaqdan, nə də (əməllərinin) əskilməsindən qorxar.
(Taha surəsi, 112)
Hər kim mömin olaraq yaxşı işlər görərsə, onun əməyi inkar edilməyəcəkdir. Şübhəsiz ki, Biz onu (onun əməllərini) yazırıq.
(Ənbiya surəsi, 94)
Həqiqətən, Allah iman edib yaxşı işlər görən kimsələri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Şübhəsiz ki, Allah istədiyini edər.
(Həcc surəsi, 14)
Şübhəsiz ki, Allah iman edib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl bilərziklər və incilərlə bəzənəcəklər. Onların oradakı libasları isə ipəkdəndir.
(Həcc surəsi, 23)
İman edib saleh əməl işləyənlərə gəldikdə, onlar üçün bağışlanma və bol ruzi vardır.
(Həcc surəsi, 50)
O gün (qiyamət günü) hökmranlıq Allahındır. O, onların arasında hökm verəcəkdir. İman edib saleh əməllər işləyənlər Nəim cənnətlərində olacaqlar.
(Həcc surəsi, 56)
Ey elçilər! Təmiz olan nemətlərdən yeyin və saleh əməllər edin! Şübhəsiz ki, Mən sizin etdiklərinizi bilirəm.
(Muminun surəsi, 51)
Ola bilsin ki, tərk etdiyim o yerdə yaxşı bir iş görüm”. Xeyr, onun dediyi boş bir sözdür. Onların qarşısında (yuxudan) oyanacaqları günə qədər maneə (bərzəx) vardır.
(Muminun surəsi, 100)
İnkar edənlərə gəldikdə, onların əməlləri çöldəki ilğıma bənzəyər ki, susamış kimsə onu su zənn edər. Nəhayət, onun yanına çatdığı zaman orada heç nə tapmaz. O, öz (əməlinin) yanında Allahı görər. Allah da onun cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir.
(Nur surəsi, 39)
Yaxud (o inkar edənlərin əməlləri) dərin bir dənizdəki qaranlığa bənzəyər. (Elə bir dəniz ki,) onu dalğa üstünə dalğa örtər. Onun da üstündən bir bulud! Bir-birinin üstündəki qaranlıqlar! O, əlini çıxartsa, az qala onu görməz. Allah bir kimsəyə nur (hidayət) verməyibsə, artıq onun nuru (hidayətdən nəsibi) yoxdur.
(Nur surəsi, 40)
Allah sizlərdən iman edib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir. (Çünki) onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar. Artıq bundan sonra kim inkar edərsə, onlar əsil fasiqlərdir.
(Nur surəsi, 55)
Ancaq tövbə edib iman edən və yaxşı işlər görənlər bundan istisnadır. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, mərhəmətlidir.
(Furqan surəsi, 70)
Kim tövbə edib saleh əməl işləyərsə, o, tövbəsi qəbul edilmiş halda Allaha dönər.
(Furqan surəsi, 71)
Ancaq iman edib yaxşı işlər görənlər, Allahı çox zikr edənlər və haqsızlığa məruz qaldıqdan sonra qalib gələnlər bundan istisnadır. Haqsızlıq edənlər qayıdacaqları yeri yaxın bir vaxtda biləcəklər.
(Şuəra surəsi, 227)
Süleyman onun sözünə gülümsəyib dedi: “Ey Rəbbim! Həm mənə, həm də ata-anama verdiyin nemətə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh bəndələrinin arasına daxil et!”
(Nəml surəsi, 19)
Ancaq kim tövbə edib iman edər və yaxşı işlər görərsə, ümid olunur ki, o, nicat tapanlardan olar.
(Qəsas surəsi, 67)
Elm sahibi olanlar isə: “Vay halınıza! İman edib yaxşı işlər görən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna yalnız səbir edənlər qovuşa bilər”, - dedilər.
(Qəsas surəsi, 80)
İman edib yaxşı işlər görənlərə gəldikdə, əlbəttə, Biz onların günahlarını örtər və etdikləri əməllərin daha gözəli ilə onları mükafatlandırarıq.
(Ənkəbut surəsi, 7)
İman edib yaxşı işlər görənləri, əlbəttə, saleh kimsələrin arasına daxil edəcəyik.
(Ənkəbut surəsi, 9)
Şübhəsiz ki, iman edib yaxşı işlər görənləri içində əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnət köşklərinə yerləşdirəcəyik. Yaxşı əməl edənlərin mükafatı necə də gözəldir!
(Ənkəbut surəsi, 58)
İman edib yaxşı işlər görənlər cənnətdə sevinc içində olacaqlar.
(Rum surəsi, 15)
Kim inkar edən olarsa, onun küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün (cənnətdəki yerlərini) hazırlamış olarlar.
(Rum surəsi, 44)
Bu, Allahın iman edib yaxşı işlər görənlərə Öz lütfündən mükafat verməsi üçündür. Şübhəsiz ki, O, inkar edənləri sevməz.
(Rum surəsi, 45)
Şübhəsiz ki, iman edib yaxşı işlər görənlər üçün nemətləri bol olan cənnətlər vardır.
(Loğman surəsi, 8)
Kaş günahkarlar Rəbbinin hüzurunda başlarını aşağı salıb: “Ey Rəbbimiz! Gördük və eşitdik. Elə isə, bizi (dünyaya) geri qaytar ki, yaxşı işlər görək. Biz yəqinliklə iman etdik”, - deyərkən onları görəydin.
(Səcdə surəsi, 12)
İman edib yaxşı işlər görənlər üçün etdikləri əməllər müqabilində qalacaqları Məva cənnətləri vardır.
(Səcdə surəsi, 19)
Sizdən hər kim Allaha və Rəsuluna itaət edər və yaxşı işlər görərsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün (cənnətdə) bol ruzi hazırlamışıq.
(Əhzab surəsi, 31)
(Əgər belə etsəniz,) Allah sizin işlərinizi düzəldər və günahlarınızı bağışlayar. Kim Allaha və Onun elçisinə itaət edərsə, böyük bir uğura nail olar.
(Əhzab surəsi, 71)
Allah bunları iman edib yaxşı işlər görənləri mükafatlandırmaq üçün etmişdir. Onlar üçün bağışlanma və gözəl ruzi vardır.
(Səba surəsi, 4)
(Sonra ona belə buyurduq:) “Geniş zirehlər düzəlt və toxuyarkən ölçüyə riayət et! Yaxşı işlər görün! Həqiqətən, Mən sizin etdiklərinizi görürəm”.
(Səba surəsi, 11)
Sizi bizə yaxınlaşdıran nə malınızdır, nə də övladlarınız. İman edib yaxşı işlər görənlər isə bundan istisnadır. Onlar üçün etdikləri əməllərin qat-qat çoxu vardır. Onlar (cənnətdəki) otaqlarda əmin-amanlıq içində olacaqlar.
(Səba surəsi, 37)
İnkar edənlər üçün şiddətli bir əzab vardır. İman edib yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat vardır.
(Fatir surəsi, 7)
Kim izzət və şərəf istəyirsə, bilsin ki, bütün izzət və şərəf Allaha məxsusdur. Yaxşı söz Ona doğru yüksələr və onu yüksəldən yaxşı əməldir. Pis işlər görüb hiylə quranlar üçün şiddətli bir əzab vardır və onların hiylələri boşa çıxacaqdır.
(Fatir surəsi, 10)
Onlar orada: “Ey Rəbbimiz! Bizi (cəhənnəmdən) çıxart ki, (daha əvvəl) etdiyimiz (pis) əməllərin yerinə yaxşı əməllər edək!” - deyə fəryad edərlər. (Bu zaman onlara belə deyilər:) “Orada (dünyada) sizə düşünən bir kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi?! Sizə xəbərdar edən bir elçi də gəlmişdi. Ona görə də dadın (əzabı)! Zalımların köməkçisi yoxdur”.
(Fatir surəsi, 37)
Davud dedi: “Şübhəsiz ki, o, sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə sənə haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin bir çoxu bir-birinə haqsızlıq edir. Ancaq iman edib yaxşı işlər görənlər bundan istisnadır. Onlar da çox azdırlar”. Davud Bizim onu sınağa çəkdiyimizi düşündü. Buna görə də dərhal səcdəyə qapanaraq Rəbbindən bağışlanmasını dilədi və tövbə etdi.
(Sad surəsi, 24)
Yoxsa iman edib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə bir tutacağıq?! Yaxud müttəqiləri günahkarlarla bir tutacağıq?!
(Sad surəsi, 28)
(Ey elçi!) Həqiqətən, sənə də, səndən əvvəlkilərə də: “Əgər Allaha şərik qoşsan, sənin əməlin puça çıxar və ziyana uğrayanlardan olarsan!” - deyə vəhy olunmuşdur.
(Zumər surəsi, 65)
Cənnətliklər: “Bizə verdiyi vədinə sadiq qalan və bizi cənnətdə məskunlaşdığımız yerin varisi edən Allaha həmd olsun! Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” - deyəcəklər.
(Zumər surəsi, 74)
Göylərə gedən yollara və Musanın ilahını görüm. Həqiqətən, mən onun yalançı olduğunu düşünürəm”. Beləcə, Firona pis əməli gözəl göstərildi və haqq yoldan çıxarıldı. Fironun hiyləsi, əlbəttə, boşa çıxdı.
(Mömin surəsi, 37)
Kim pis bir iş görərsə, yalnız etdiyi pis iş qədər cəza alar. Mömin olub yaxşı bir iş görən kişi, yaxud qadın isə cənnətə girəcək və orada onlara saysız-hesabsız ruzilər veriləcəkdir.
(Mömin surəsi, 40)
Kor ilə görən, iman edib yaxşı işlər görənlərlə pis işlər görənlər eyni deyildir. Nə qədər az düşünürsünüz!
(Mömin surəsi, 58)
Şübhəsiz ki, iman edib yaxşı işlər görənlər üçün bitməz-tükənməz bir mükafat vardır.
(Fussilət surəsi, 8)
Allaha dəvət edən, saleh əməl işləyən və: “Mən müsəlmanlardanam!” - deyən kimsədən daha gözəl sözlü kim ola bilər?!
(Fussilət surəsi, 33)
Kim yaxşı bir iş görərsə, öz lehinə, kim də pis bir iş görərsə, öz əleyhinə olar. Sənin Rəbbin bəndələrinə zülm edən deyildir.
(Fussilət surəsi, 46)
Ona görə də sən (haqqa) dəvət et və əmr olunduğun kimi doğru yolda ol! Onların nəfsinin arzularına uyma və de ki: “Mən Allahın nazil etdiyi kitaba iman etmişəm. Mənə sizin aranızda ədalətlə hökm verməyim əmr olunmuşdur. Allah bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə məxsusdur. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah bizi (aramızda hökm vermək üçün) bir yerə toplayacaqdır. Axır dönüş Onadır”.
(Şura surəsi, 15)
Qazandıqları günahların cəzası zalımlara tətbiq olunarkən onların qorxudan titrədiklərini görərsən. İman edib yaxşı işlər görənlər isə cənnət bağlarında olacaqlar. Rəbbi yanında onlar üçün istədikləri hər şey vardır. Əsil böyük lütf budur.
(Şura surəsi, 22)
Allah iman edib yaxşı işlər görən bəndələrini belə müjdələyir. De: “Mən sizdən bunun müqabilində sevgidən başqa heç bir mükafat istəmirəm”. Kim bir nemət qazanarsa, Biz onun yaxşılığını artırırıq. Həqiqətən, Allah bağışlayandır, şükür edənlərə qarşılığını verəndir.
(Şura surəsi, 23)
O, iman edib yaxşı işlər görənlərin duasını qəbul edər və lütfündən onlara daha çox verər. İnkar edənlər üçün isə şiddətli bir əzab vardır.
(Şura surəsi, 26)
Kim yaxşı bir iş görərsə, bu onun öz lehinə, kim də pis bir iş görərsə, bu onun öz əleyhinə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız.
(Casiyə surəsi, 15)
Yoxsa pis işlər görənlər dünya həyatında və ölümdən sonra onları iman edib yaxşı işlər görənlərlə bir tutacağımızımı zənn edirlər?! Onlar necə də pis hökm verirlər!
(Casiyə surəsi, 21)
İman edib yaxşı işlər görənləri isə Rəbbi Öz rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Bu, açıq-aydın uğurdur.
(Casiyə surəsi, 30)
Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər: “Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim olanlardanam”.
(Əhqaf surəsi, 15)
Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Allah onlara əməllərinin əvəzini tam verəcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.
(Əhqaf surəsi, 19)
Allah inkar edənlərin və (insanları) Öz yolundan döndərənlərin əməllərini boşa çıxarmışdır.
(Məhəmməd surəsi, 1)
Allah iman edən, yaxşı əməllər edən və Rəbbindən Məhəmmədə haqq olaraq nazil olana (Qurana) inananların günahlarının üstünü örtəcək və onların vəziyyətini yaxşılaşdıracaqdır.
(Məhəmməd surəsi, 2)
Müharibədə inkar edənlərlə qarşılaşdığınız zaman onların nəzarət-əmr mərkəzlərinə zərbə vurun. Nəhayət qalib gələndə onları əsir götürün; onları ya əvəzsiz, ya da fidyə qarşılığında buraxın. Müharibə vəziyyəti bitənə qədər bunu edin. Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək istəyir. Allah Öz yolunda öldürülənlərin əməllərini boşa çıxarmaz.
(Məhəmməd surəsi, 4)
Məhv olsun inkar edənlər! Allah onların əməllərini boşa çıxarmışdır.
(Məhəmməd surəsi, 8)
Çünki onlar Allahın nazil etdiyini bəyənmədilər. Buna görə də Allah onların əməllərini puça çıxardı.
(Məhəmməd surəsi, 9)
Həqiqətən, Allah iman edib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. İnkar edənlər isə (dünya nemətlərindən) faydalanır və heyvanlar kimi yeyirlər. Onların yeri cəhənnəmdir.
(Məhəmməd surəsi, 12)
Rəbbindən gələn açıq-aydın bir dəlilə əsaslanan kimsə pis əməli özünə gözəl göstərilən və nəfsinin arzularına uyan kimsə kimi ola bilərmi?!
(Məhəmməd surəsi, 14)
Haqq yol özlərinə bəlli olduqdan sonra buna arxa çevirənlərə gəldikdə, şeytan (bu hərəkətlərini) onlara gözəl göstərmiş və (uzun ömür sürəcəklərinə dair) ümid vermişdir.
(Məhəmməd surəsi, 25)
Çünki onlar Allahı qəzəbləndirən şeylərə uydular və Onun razı qaldığı şeyləri bəyənmədilər. Buna görə də Allah onların əməllərini puç etdi.
(Məhəmməd surəsi, 28)
Əgər istəsəydik, onları, əlbəttə, sənə göstərərdik. Beləcə, sən də onları üzlərindən tanıyardın. Həqiqətən, sən onları danışıq tərzlərindən tanıyarsan. Allah sizin əməllərinizi bilir.
(Məhəmməd surəsi, 30)
İnkar edən olub (insanları) Allahın yolundan döndərənlər və doğru yol özlərinə bəlli olduqdan sonra elçiyə qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. Allah onların əməllərini puç edəcəkdir.
(Məhəmməd surəsi, 32)
Ey iman edənlər! Həm Allaha, həm də elçiyə itaət edin və əməllərinizi puça çıxarmayın!
(Məhəmməd surəsi, 33)
Ona görə də (döyüşdə) zəiflik göstərməyin və siz üstün vəziyyətdə ikən (onları) sülhə çağırmayın! Allah sizinlə bərabərdir. O sizin əməllərinizi əsla əskiltməyəcəkdir.
(Məhəmməd surəsi, 35)
Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar da inkar edənlərə qarşı sərt, bir-birlərinə qarşı isə mərhəmətlidirlər. Onların rüku edərək və səcdəyə qapanaraq Allahdan lütf və riza dilədiklərini görərsən. Onların nişanəsi üzlərindəki səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildəki vəsfləri isə belədir: onlar cücərtisini üzə çıxarmış, onu qüvvətləndirmiş, o da qalınlaşıb gövdəsi üstünə qalxmış və əkinçilərin xoşuna gələn bir əkin kimidirlər. Allah (möminlərin sayını belə artırır ki,) bununla inkar edənləri qəzəbləndirsin. Allah onlardan iman edib yaxşı işlər görənlərə məğfirət və böyük bir mükafat vəd etmişdir.
(Fəth surəsi, 29)
Ey iman edənlər, səslərinizi elçinin səsindən yuxarı qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın! Yoxsa, özünüz də fərqinə varmadan əməlləriniz boşa çıxar.
(Hucurat surəsi, 2)
Bədəvi ərəblər: “Biz iman etdik!” - dedilər. De ki: “Siz iman etməmisiniz. Ancaq: “Biz təslim olmuşuq!” - deyin. İman hələ sizin qəlbinizə girməmişdir. Əgər Allaha və Onun elçisinə itaət etsəniz, Allah əməllərinizdən heç bir şeyi əskiltməz. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir”.
(Hucurat surəsi, 14)
Möminlərin özlərindən sonra iman edən nəsillərini də onların yanına (cənnətə) qoyacağıq. Onların əməllərindən heç bir şeyi əskiltməyəcəyik. Hər kəs qazandığının (öz əməlinin) girovudur.
(Tur surəsi, 21)
Allah məhşər günündə sizi bir yerə cəm edəcəkdir. Məhz o gün aldanma günüdür. Kim Allaha iman edib yaxşı işlər görərsə, Allah onun günahlarının üstünü örtər və onu altından çaylar axan, əbədi qalacağı cənnətlərə daxil edər. Böyük uğur budur!
(Təğabun surəsi, 9)
Allah iman edib yaxşı işlər görənləri qaranlıqlardan aydınlığa çıxartmaq üçün açıq-aydın ayələrini sizə oxuyan bir elçi göndərmişdir. Kim Allaha iman edib yaxşı işlər görərsə, Allah onu (ağacları) altından çaylar axan və əbədi qalacağı cənnətlərə daxil edəcəkdir. Allah ona gözəl bir ruzi vermişdir.
(Talaq surəsi, 11)
O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır.
(Mülk surəsi, 2)
Ancaq iman edib yaxşı işlər görənlər bundan istisnadır. Onlar üçün bitməz-tükənməz mükafat vardır.
(İnşiqaq surəsi, 25)
İman edib yaxşı əməllər edənlər üçün isə (ağacları) altından çaylar axan cənnətlər vardır. Böyük uğur budur!
(Büruc surəsi, 11)
Ancaq iman edib yaxşı işlər görənlər bundan istisnadır. Onlar üçün bitməz-tükənməz mükafat vardır.
(Tin surəsi, 6)
Şübhəsiz ki, iman edib yaxşı əməllər edənlər yaradılanların ən xeyirliləridir.
(Beyyinə surəsi, 7)
O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə (məhşər yerindən) ayrılacaqlar.
(Zəlzələ surəsi, 6)
Ancaq iman edib yaxşı işlər görənlər, bir-birinə haqqı və səbri tövsiyə edənlər bundan istisnadır.
(Əsr surəsi, 3
)