Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Musa dedi: “Allah buyurur ki, o, boyunduruq götürməyən, yer sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz bir inəkdir”. (Bu zaman) onlar: “İndi həqiqəti söylədin”, - dedilər. Beləcə, onu (inəyi tapıb) kəsdilər. Az qala bunu etməyəcəkdilər.
(Bəqərə surəsi, 71)
(O, səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Allah fitnə-fəsadı sevməz.
(Bəqərə surəsi, 205)
Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır.
(Ali İmran surəsi, 14)
(Onların) bu dünya həyatında sərf etdikləri şeylərin misalı, özünə zülm edən bir qövmün əkinlərini vurub onu məhv edən soyuq bir küləyin misalı kimidir. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər.
(Ali İmran surəsi, 117)
Onlar (Allahın) yaratdığı əkin və davardan Allah üçün pay ayırdılar və öz iddiaları üzrə: “Bu Allahındır, bu da (Allaha) şərik qoşduqlarımızındır!” - dedilər. Bütləri üçün olan hissə Allaha çatmaz, Allah üçün olan hissə isə bütlərə çatardı. Onların verdiyi hökm necə də pisdir!
(Ənam surəsi, 136)
Onlar öz iddialarına görə belə dedilər: “Bu davarlar və əkinlər haramdır. Bizim istədiklərimizdən başqası onları yeyə bilməz. (Bunlar isə) minilməsi qadağan edilmiş heyvanlardır”. Kəsərkən Allahın adını çəkmədikləri heyvanlar da var. Onlar Allaha iftira yaxaraq bunları edərlər. Yaxdıqları iftiraya görə Allah onları cəzalandıracaqdır.
(Ənam surəsi, 138)
Talvarlı və talvarsız (üzüm) bağları, müxtəlif dadlarda xurmalar, əkinlər, bir-birinə bənzəyən və bənzəməyən zeytun və narı yaradan Odur. Bar verdiyi zaman onun barından yeyin. Yığım günü də haqqını (zəkatını, sədəqəsini) verin, ancaq israf etməyin! Həqiqətən, Allah israf edənləri sevməz.
(Ənam surəsi, 141)
(Ey elçi!) Bizim sənə bu söylədiklərimiz (məhv olmuş) məmləkətlərin xəbərlərindəndir. Onlardan izi qalanı da var, biçilmiş əkin kimi yox olanı da.
(Hud surəsi, 100)
Yusif dedi: “Yeddi il adətiniz üzrə (torpağınızı) əkin. Sonra da yeyəcəyiniz az bir miqdar istisna olmaqla, biçdiyiniz məhsulu sünbüldə saxlayın!
(Yusif surəsi, 47)
Yer üzündə eyni su ilə sulanan bir-birinə qonşu ərazilər, üzüm bağları, əkinlər, şaxəli və şaxəsiz xurma ağacları vardır. Ancaq yeyilməsi baxımından onların bir qismini digərlərindən üstün tuturuq. Şübhəsiz ki, bunda dərk edən bir qövm üçün dəlillər vardır.
(Rad surəsi, 4)
Ey Rəbbimiz! Həqiqətən, mən nəslimdən bəzilərini Sənin müqəddəs evinin yanında, əkin bitməyən bir vadidə məskunlaşdırdım. Ey Rəbbimiz! Namazı qılsınlar deyə (bunu etdim). Sən də insanlardan bir qisminin qəlbini onlara meyil etdir və onlara meyvələrdən ruzi ver ki, bəlkə, onlar şükür edələr.
(İbrahim surəsi, 37)
Allah onun vasitəsilə sizin üçün əkinlər, zeytun, xurma, üzüm və hər cür meyvələrdən yetişdirir. Həqiqətən, bunda təfəkkür edən insanlar üçün dəlillər vardır.
(Nəhl surəsi, 11)
Onlara iki adamı misal ver. Onlardan birinə iki üzüm bağı vermişdik və hər ikisini xurmalıqlarla əhatə edib aralarında da əkin bitirmişdik.
(Kəhf surəsi, 32)
Biz onları biçilmiş əkinə, sönmüş ocağa çevirənə qədər onların bu fəryadları davam edər.
(Ənbiya surəsi, 15)
Davudu və Süleymanı da (yad et)! Bir zaman onlar bir əkin sahəsi barəsində hökm verirdilər. Belə ki, bəzi adamların qoyunları gecə vaxtı başıboş bir halda ora girib ziyan vermişdi. Biz onların hökmünə şahid idik.
(Ənbiya surəsi, 78)
Əkinlər və dəymiş meyvəli xurmalıqlarda?
(Şuəra surəsi, 148)
Əgər Biz bir külək göndərsək və onlar onun (əkinlərin) saralmış olduğunu görsələr, bundan sonra mütləq nankorluq edərlər.
(Rum surəsi, 51)
Məgər onlar, qupquru yerə suyu çatdırıb onunla (torpaqdan) həm heyvanlarının, həm də özlərinin yedikləri əkinləri çıxartdığımızı görmədilərmi? Hələ də (haqqı) görmürlərmi?
(Səcdə surəsi, 27)
Məgər Allahın göydən su endirdiyini, onu yer üzündəki su mənbələrinə axıtdığını, sonra onunla (torpaqdan) müxtəlif növ əkin çıxartdığını görmədinmi?! Sonra o əkin quruyar, sən də onun saraldığını görərsən. Sonra da onu çör-çöpə döndərər. Şübhəsiz ki, bunda təmiz ağıl sahibləri üçün ibrət vardır.
(Zumər surəsi, 21)
Kim axirət qazancını istəyərsə, Biz onun qazancını artırarıq. Kim də dünya qazancını istəyərsə, ona ondan (dünya nemətlərindən) verərik. Ancaq axirətdə onun heç bir nəsibi olmayacaqdır.
(Şura surəsi, 20)
Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar da inkar edənlərə qarşı sərt, bir-birlərinə qarşı isə mərhəmətlidirlər. Onların rüku edərək və səcdəyə qapanaraq Allahdan lütf və riza dilədiklərini görərsən. Onların nişanəsi üzlərindəki səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildəki vəsfləri isə belədir: onlar cücərtisini üzə çıxarmış, onu qüvvətləndirmiş, o da qalınlaşıb gövdəsi üstünə qalxmış və əkinçilərin xoşuna gələn bir əkin kimidirlər. Allah (möminlərin sayını belə artırır ki,) bununla inkar edənləri qəzəbləndirsin. Allah onlardan iman edib yaxşı işlər görənlərə məğfirət və böyük bir mükafat vəd etmişdir.
(Fəth surəsi, 29)
Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri inkar edənlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir.
(Hədid surəsi, 20)
Beləcə, Allah onları yeyilmiş əkin yarpağı kimi etdi.
(Fil surəsi, 5
)