Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın və yazsın! Borclu olan şəxs də söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız və ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər (şahidlik edəcək) iki kişi yoxdursa, razı olduğunuz şahidlərdən bir kişi ilə iki qadın (şahid olsun ki), o iki qadından biri unudarsa, digəri ona xatırlatsın.(Şahidlik etmələri üçün) çağırıldıqları zaman şahidlər boyun qaçırmasınlar. Az olsun, yaxud çox olsun, (borcu) hansı vaxta qədər olduğunu yazmağa ərinməyin! Bu, Allah dərgahında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün daha uyğundur. Ancaq aranızda həmişə dövr edən nəğd ticarət olarsa, onu yazmamağınız sizin üçün günah deyildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Katibə və şahidə də zərər yetirilməsin! Əgər (belə) etsəniz, şübhəsiz, bu sizin üçün günahdır. Allahdan çəkinin! Allah sizə öyrədir. Allah hər şeyi biləndir!
(Bəqərə surəsi, 282)
Allah şahidlik etdi ki, Özündən başqa heç bir ilah yoxdur. Mələklər və elm sahibləri də ədalətlə (buna şahidlik etdilər). O qüdrətli və hikmət sahibindən başqa heç bir ilah yoxdur.
(Ali İmran surəsi, 18)
Allahın ayələrini inkar edən, elçiləri haqsız yerə öldürən və ədalətli olmağı əmr edən insanların canına qəsd edənləri şiddətli bir əzabla müjdələ!
(Ali İmran surəsi, 21)
Əgər (özləri ilə evləndiyinizdə) yetim qızlar barəsində ədalətli ola bilməyəcəyinizdən qorxsanız, bəyəndiyiniz qadınlardan ikisi, üçü, dördü ilə nikah bağlayın! Əgər ədalətli ola bilməməkdən qorxsanız, onda, tək bir qadınla və ya əlinizdə olanla (kifayətlənin)! Haqsızlığa yol verməməyiniz üçün ən uyğun olan budur.
(Nisa surəsi, 3)
Allah sizə əmanətləri sahiblərinə (işi əhlinə) verməyinizi və insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edir. Allah bununla sizə necə də gözəl nəsihət verir! Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.
(Nisa surəsi, 58)
Səndən qadınlar barəsində fitva istəyirlər. De: “Verilməsi vacib olan (mirası) verməyib nikahlamaq istədiyiniz yetim qadınlar, aciz uşaqlar və yetimlərə qarşı ədalətlə rəftar etməyiniz barəsində fitvanı sizə Allah və Kitabda oxunan (ayələr) verir. Şübhəsiz ki, etdiyiniz hər bir xeyir işi Allah bilir.
(Nisa surəsi, 127)
Zövcələr arasında ədalətli davranmağı nə qədər çox istəsəniz də, əsla bacara bilməzsiniz. Ona görə də birini asılı vəziyyətdə qoyub, (digərinə) tamamilə meyil göstərməyin! Əgər barışığa gəlib (belə hərəkətlərdən) çəkinsəniz, (bilin ki,) həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
(Nisa surəsi, 129)
Ey iman edənlər! Özünüzün, ata-ananızın və ya qohumlarınızın əleyhinə olsa belə, daim ədaləti (təmin edən və) Allah üçün şahidlik edən kimsələr olun! (Haqqında şahidlik etdiyiniz kimsələr) istər varlı, istər kasıb olsun, Allah hər ikisinə də (sizdən) daha yaxındır. Nəfsinizin arzusuna uyaraq haqdan üz çevirməyin! Əgər (yalan danışaraq dilinizi) bükər, yaxud (şahidlikdən) boyun qaçırarsınızsa, (bilin ki,) həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır!
(Nisa surəsi, 135)
Ey iman edənlər, Allah üçün ədaləti təmin edən şahidlər olun! Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Maidə surəsi, 8)
Onlar (daim) yalana qulaq asır və haram yeyirlər. Əgər sənin yanına gəlsələr, istəsən aralarında hökm ver, istəsən də onlardan üz çevir! Onlardan üz çevirsən, sənə heç bir zərər verə bilməzlər. Aralarında hökm verdiyin təqdirdə, ədalətlə hökm ver! Şübhəsiz ki, Allah ədalətli olanları sevər.
(Maidə surəsi, 42)
Ey iman edənlər, ehramda ikən ovu öldürməyin! Sizdən kim onu qəsdən öldürərsə, öldürdüyü heyvanın eynisi (dəyərində ona) cəza düşür. Kəbəyə çatası qurban olmaq üzrə sizdən iki ədalətli şəxs buna hökm edər (öldürülən heyvanın dəyərini təyin edər), yaxud (ovlanmanın) kəffarəsi yoxsulları doyurmaq və yaxud da ona bərabər bir oruc tutmaqdır ki, gördüyü işin cəzasını dadsın. Allah keçmişdə olanları bağışlamışdır. Kim (bu işləri) təkrar edərsə, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam sahibidir.
(Maidə surəsi, 95)
Ey iman edənlər! Sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun! Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən) şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar: “Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və Allahın şahidliyini gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içsinlər.
(Maidə surəsi, 106)
Rəbbinin sözü doğru və ədalətli olaraq tamamlanmışdır. Onun sözlərini dəyişdirə bilən heç kəs yoxdur. O, hər şeyi eşidəndir, biləndir.
(Ənam surəsi, 115)
Həddi-büluğa çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə (yetimin mənafeyinə uyğun) yaxınlaşın! Ölçüdə və çəkidə ədalətə riayət edin! Biz hər kəsə yalnız gücü yetdiyi qədər (məsuliyyət) yükləyirik. Söz söylədiyiniz zaman (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın! Allaha olan əhdinizi yerinə yetirin! Allah bunları sizə əmr etmişdir ki, bəlkə, siz düşünüb öyüd alasınız.
(Ənam surəsi, 152)
Musanın qövmündən elə bir dəstə var ki, onlar (insanları) haqq yola yönəldir və ona əsasən ədalətlə hökm edirlər.
(Əraf surəsi, 159)
Yaratdıqlarımız içində elə bir zümrə də var ki, onlar haqq yola yönəldir və onun sayəsində ədalətli davranırlar.
(Əraf surəsi, 181)
De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdənizdə üzünüzü (Allaha) çevirin və dini yalnız Ona məxsus edərək dua edin! Sizi yoxdan yaratdığı kimi, yenə (Onun hüzuruna) qayıdacaqsınız.
(Əraf surəsi, 29)
Əgər (müqavilə bağladığın) bir tayfanın xəyanət etməsindən qorxsan, sən də eynilə müqaviləni pozduğunu onlara bildir! Şübhəsiz ki, Allah xainləri sevməz.
(Ənfal surəsi, 58)
Allahın haqq vədi olaraq hamınızın dönüşü Onadır! Həqiqətən, O, məxluqatı yoxdan yaradır, sonra isə iman edib yaxşı işlər görənləri ədalətli bir şəkildə mükafatlandırmaq üçün onu (dirildərək) geri qaytarır. İnkar edənlərə gəldikdə, inkar etdiklərinə görə onlar üçün qaynar sudan bir içki və acı bir əzab vardır.
(Yunis surəsi, 4)
Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldiyi zaman onların aralarında ədalətlə hökm olunar və onlara heç bir haqsızlıq edilməz.
(Yunis surəsi, 47)
(Şirk qoşaraq özünə) zülm edən hər bir kəs yer üzündəki hər şeyə sahib olsaydı, (əzabdan xilas olmaq üçün) mütləq hamısını fəda edərdi. Onlar əzabı gördükləri zaman dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm olunar və onlara haqsızlıq edilməz.
(Yunis surəsi, 54)
Allah iki nəfəri də misal gətirdi; onlardan biri laldır, heç bir şey bacarmır və ağası üçün bir yükdür. Ağası onu hara göndərsə, bir xeyir gətirməz. O və doğru yolda olub ədaləti əmr edən kimsə eyni ola bilərmi?
(Nəhl surəsi, 76)
Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, əxlaqsızlığı, pisliyi və haqsızlığı isə qadağan edir! O, düşünüb ibrət alasınız deyə sizə öyüd verir.
(Nəhl surəsi, 90)
Şübhəsiz, inkar edən olub Allah yolundan və həm yerli, həm də kənardan gələnlər üçün məbəd etdiyimiz Məscidi-haramdan (insanları) uzaqlaşdıran və orada zülm edərək haqsızlığa meyil etmək istəyənlərə acı bir əzab daddıracağıq.
(Həcc surəsi, 25)
Onları öz atalarının adları ilə çağırın! Allah nəzdində bu daha ədalətlidir. Əgər onların atalarının kim olduğunu bilmirsinizsə, onları din qardaşlarınız və yaxınlarınız olaraq görün. Çaşıb etdiklərinizə görə yox, qəsdən etdiklərinizə görə sizə günah yazılar. Allah bağışlayandır, rəhmlidir.
(Əhzab surəsi, 5)
Ona görə də sən (haqqa) dəvət et və əmr olunduğun kimi doğru yolda ol! Onların nəfsinin arzularına uyma və de ki: “Mən Allahın nazil etdiyi kitaba iman etmişəm. Mənə sizin aranızda ədalətlə hökm verməyim əmr olunmuşdur. Allah bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə məxsusdur. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah bizi (aramızda hökm vermək üçün) bir yerə toplayacaqdır. Axır dönüş Onadır”.
(Şura surəsi, 15)
Əgər iki mömin dəstə bir-biri ilə vuruşarsa, dərhal onları barışdırın! Əgər onlardan biri digərinə hücum edərsə, (həmin dəstə) Allahın əmrinə qayıdana qədər hücum edən dəstə ilə vuruşun! Əgər (o dəstə Allahın əmrinə) qayıdarsa, onları ədalətlə barışdırın və (hər bir işdə) ədalətli olun! Şübhəsiz ki, Allah ədalətli olanları sevər.
(Hucurat surəsi, 9)
Tərəzidə ədalətə riayət edin və çəkini əskiltməyin!
(Rəhman surəsi, 9)
Şübhəsiz ki, Biz elçilərimizi açıq-aydın dəlillərlə göndərdik. İnsanlar ədalətə riayət etsinlər deyə onlarla birlikdə kitab və mizanı (tərəzini) nazil etdik. İnsanlar üçün bir çox faydası olan möhkəm dəmiri də Biz nazil etdik. Bu, Allahın görmədiyi halda Ona və elçilərinə yardım edənləri bilib ayırd etməsi üçündür. Şübhəsiz ki, Allah güclüdür, qüdrətlidir.
(Hədid surəsi, 25)
Allah sizinlə din uğrunda vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyinizi və onlara qarşı ədalətlə davranmağınızı qadağan etmir. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.
(Mumtəhənə surəsi, 8)
Gözləmə müddətini başa vurduqları zaman ya onları gözəlcə (nikahınız altında) saxlayın, ya da gözəlliklə onlardan ayrılın. (Zövcənizlə barışmaq, yaxud ayrılmaq məsələsində) içinizdən ədalətli iki nəfəri şahid tutun və Allah üçün şahidlik edin! İçinizdən Allaha və axirət gününə iman edənlərə verilən öyüd budur. Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar.
(Talaq surəsi, 2
)