Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. (Ölüm,) vaxtı müəyyən edilmiş bir yazıdır. Kim dünya savabını (nemətini) istəyərsə, ona ondan verərik. Kim axirət savabını (cənnəti) istəyərsə, ona da ondan verərik. Şükür edənləri mükafatlandıracağıq.
(Ali İmran surəsi, 145)
Sizi palçıqdan yaradıb sonra ölüm vaxtını təyin edən də Odur. Onun dərgahında müəyyənləşdirilmiş bir vaxt (qiyamət gününün vaxtı) vardır. Sonra siz yenə də şübhə edirsiniz.
(Ənam surəsi, 2)
Sizi gecə öldürən (yuxuladan), gündüz nə əldə etdiyinizi bilən, sonra müəyyən olunmuş vaxt (əcəl) tamamlansın deyə, gündüz vaxtı sizi dirildən (yuxudan oyandıran) Odur. Sonra dönüşünüz Onadır. Sonra Allah etdiyiniz əməlləri sizə xəbər verəcəkdir.
(Ənam surəsi, 60)
Hər bir ümmətin bir əcəli (müddəti) vardır. Onların əcəli gəlib çatdığı zaman nə bir an geri qalar, nə də irəli keçə bilərlər”.
(Əraf surəsi, 34)
Onlar göylərin və yerin hökmranlığına, Allahın yaratdıqlarına və əcəllərinin yaxınlaşması ehtimalına nəzər yetirmədilərmi? Elə isə ondan (Qurandan) sonra hansı kəlama inanacaqlar?
(Əraf surəsi, 185)
Əgər insanlar xeyri tələsik istədikləri kimi, Allah da şəri tələsik versəydi, həqiqətən, onların əcəlləri çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqları içində çaşqın bir halda qoyarıq.
(Yunis surəsi, 11)
De ki: “Allahın istədiyi istisna olmaqla, mən özümə belə nə bir zərər, nə də bir xeyir verə bilərəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəlib çatan zaman nə bir an geri qala bilər, nə də irəli keçə bilərlər”.
(Yunis surəsi, 49)
Şübhəsiz, Biz səndən əvvəl də elçilər göndərdik. Onlara zövcələr və övladlar verdik. Allahın izni olmadan heç bir elçi möcüzə gətirə bilməz. Hər bir vaxtın kitabı vardır.
(Rad surəsi, 38)
Heç bir millət öz əcəlini nə tezləşdirə bilər, nə də gecikdirə bilər.
(Hicr surəsi, 5)
Əgər Allah insanları etdikləri haqsızlıqlara görə (bu dünyada) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onları (cəzalarını) təqdir olunmuş bir vaxta qədər təxirə salır. Onların əcəli gəlib çatdığı zaman nə bir an geri qalar, nə də bir an irəli keçə bilərlər.
(Nəhl surəsi, 61)
Heç bir ümmət öz əcəlini nə qabağa çəkə bilər, nə də təxirə sala bilər.
(Muminun surəsi, 43)
Səndən əzabın tez gəlməsini istəyirlər. Əgər vaxtı əvvəlcədən təyin edilmiş olmasaydı, həqiqətən, əzab onlara gələrdi. Şübhəsiz ki, əzab onlara qəflətən və özləri də fərqinə varmadan gələcəkdir.
(Ənkəbut surəsi, 53)
Əgər Allah insanları qazandıqları günahlarına görə (dərhal) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onları təyin edilmiş bir vaxta qədər təxirə salır. Onların vaxtı gəldiyi zaman (əməllərinin qarşılığını verəcəkdir)! Həqiqətən, Allah bəndələrini görür.
(Fatir surəsi, 45)
Allah göyləri və yeri haqq ilə yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə bürüyür. Günəşi və ayı da (sizə) ram etdi. Hər biri müəyyən bir müddətə qədər (öz orbitində) hərəkət edir. Bilin ki, O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.
(Zumər surəsi, 5)
Allah əcəlləri çatdığı zaman insanların canlarını alar, ölməyənlərin canlarını da yuxuda (müvəqqəti olaraq) alar. Yuxuda ikən ölümünə hökm verdiyinin ruhunu saxlayar (canını alar), digərlərini isə müəyyən bir vaxta qədər (həyata) geri qaytarar. Həqiqətən, düşünən insanlar üçün bunda ibrətlər vardır.
(Zumər surəsi, 42)
Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi (ana bətnindən) uşaq olaraq çıxardan, sonra yetkinlik yaşına çatasınız, sonra da qocalasınız deyə yaşadan Odur. Sizdən kimisi də daha əvvəl vəfat edir. Bu ona görədir ki, siz müəyyən bir vaxta qədər yaşayasınız və bəlkə (bunları) düşünüb dərk edəsiniz.
(Mömin surəsi, 67)
Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Əgər daha əvvəl Rəbbin tərəfindən müəyyən bir vaxta qədər (əzabın təxirə salınmasına dair) verilmiş bir söz olmasaydı, əlbəttə, onlar barəsində hökm verilərdi. Heç şübhəsiz, onlardan sonra kitaba varis olanlar (yəhudi və xristianlar) da onun barəsində dərin bir şübhə içindədirlər.
(Şura surəsi, 14)
Biz göyləri, yeri və onların arasındakıları yalnız haqqa aparan bir vasitə olaraq və müəyyən bir müddət üçün yaratdıq. Ancaq inkar edənlər xəbərdar edildikləri şeylərdən üz döndərirlər.
(Əhqaf surəsi, 3)
Allah əcəli çatan heç kimin ölümünü təxirə salmaz. Allah sizin etdiklərinizdən xəbərdardır.
(Münafiqun surəsi, 11)
Allah sizin günahlarınızın bir qismini bağışlasın və müəyyən bir vaxta qədər sizə möhlət versin. Şübhəsiz ki, Allahın təyin etdiyi vaxt (ölüm) gəldiyi zaman o təxirə salınmaz. Kaş bunu biləydiniz”.
(Nuh surəsi, 4
)