Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi möhkəm (qəti) ayələrdir. Onlar Kitabın əsasıdır. Digər qismi isə mütəşabeh (məcazi) ayələrdir. Ancaq qəlbində əyrilik olan kimsələr, fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabeh ayələrin arxasınca gedərlər. Halbuki, onun yozumunu, Allahdan başqa heç kəs bilə bilməz. Elmdə yüksək dərəcəyə çatmış olanlar isə: “Onlara iman etdik. Hamısı Rəbbimizdəndir”, - deyərlər. Təmiz ağıl sahiblərindən başqası (bunu) dərk etməz.
(Ali İmran surəsi, 7)
Onlara xeyir gəldiyi zaman: “Bu bizim haqqımızdır!” - deyirdilər. Əgər onlara bir pislik üz verərsə, Musa və onunla bərabər olanları uğursuz sayırdılar. Bilin ki, onların uğursuzluğu yalnız Allah tərəfindəndir. Lakin onların çoxu bilməz.
(Əraf surəsi, 131)
Əksinə, onlar həqiqətini dərk edə bilmədikləri və yozumu onlara gəlib çatmayan Quranı yalanladılar. Onlardan əvvəlkilər də belə yalanlamışdılar. Bax gör, zalımların sonu necə oldu!
(Yunis surəsi, 39)
Beləcə, Rəbbin səni seçəcək və sənə yuxuların yozumunu öyrədəcəkdir. Daha əvvəl ataların İbrahimə və İshaqa (elçilik) nemətini bəxş etdiyi kimi, sənə və Yaqub nəslinə də bəxş edəcəkdir. Şübhəsiz ki, Rəbbin hər şeyi biləndir, hikmət sahibidir”.
(Yusif surəsi, 6)
Yusifi Misirdə satın alan şəxs zövcəsinə dedi: “Ona yaxşı bax! Ola bilsin ki, bizə faydası olar, yaxud onu oğulluğa götürərik”. Beləcə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik və ona yuxuların yozumunu öyrətdik. Allah Öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz.
(Yusif surəsi, 21)
Onunla birlikdə iki gənc də zindana girdi. Onlardan biri: “Mən (yuxuda) şərab sıxdığımı gördüm”, - dedi. Digəri isə: “Mən başımın üstündə bir çörək apardığımı gördüm. Quşlar da o çörəkdən yeyirdilər. Bunun yozumunu bizə xəbər ver! Həqiqətən, biz sənin xeyirxahlardan olduğunu görürük”, - dedi.
(Yusif surəsi, 36)
Kral: “Mən (yuxuda) gördüm ki, yeddi arıq inək yeddi kök inəyi yeyir. Bir də yeddi yaşıl sünbül və yeddi quru sünbül gördüm. Ey əyanlar, əgər yuxu yozursunuzsa, mənim yuxumu da yozun!” - dedi.
(Yusif surəsi, 43)
Onlar dedilər: “Bunlar qarmaqarışıq yuxulardır. Biz belə yuxuların yozumunu bilmirik”.
(Yusif surəsi, 44)
(Yusiflə birlikdə zindana düşən) o ikisindən xilas olanı bir müddət sonra (Yusifi) xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Dərhal məni (Yusifin olduğu zindana) göndərin!”
(Yusif surəsi, 45)
(Yusif) ata-anasını taxtın üzərinə oturtdu. Onlar (ata-anası və qardaşları) onun üçün səcdə etdilər. (Yusif) dedi: “Atacan! Bu, daha əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. Həqiqətən, O mənə (çoxlu nemətlər) lütf etdi. Çünki məni zindandan çıxartdı və şeytan, mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirdi. Həqiqətən, Rəbbim dilədiyinə lütf edəndir. O həqiqətən, hər şeyi biləndir, hikmət sahibidir.
(Yusif surəsi, 100)
Ey Rəbbim! Mənə mülkündən bir pay verdin və mənə yuxuların yozumunu öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünya və axirətdə mənim sahibimsən. Canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”
(Yusif surəsi, 101)
(Xızır) dedi: “Bu, mənimlə sənin ayrılma vaxtımızdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.
(Kəhf surəsi, 78)
Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlan uşağına məxsus idi. Onun altında onlara aid bir xəzinə vardı. Ataları da yaxşı insan idi. Rəbbin istədi ki, onlar həddi-büluğa çatıb Rəbbindən bir rəhmət olaraq öz xəzinələrini çıxartsınlar. Mən bunu öz ixtiyarımla etmədim. Bu, səbir edə bilmədiyin şeylərin izahıdır”.
(Kəhf surəsi, 82
)