Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman edənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu dərk edəydilər.
(Bəqərə surəsi, 165)
De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (ortaq) bir sözə gəlin! (Beləki,) Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər yenə də onlar üz döndərərlərsə, belə deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
(Ali İmran surəsi, 64)
Haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Allaha şərik qoşduqları üçün inkar edənlərin qəlbinə qorxu salacağıq. Onların sığınacağı yer cəhənnəmdir. Zalımların gedəcəyi yer nə pisdir!
(Ali İmran surəsi, 151)
Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara yaxşılıq edin! Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz.
(Nisa surəsi, 36)
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər şübhəsiz ki, inkar edən olmuşlar. Halbuki, Məsih belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, Allah cənnəti ona haram edər. Onun sığınacağı yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi olmayacaq”.
(Maidə surəsi, 72)
Siz (Allahın) heç bir dəlil nazil etmədiyi şeyləri (bütləri) Allaha şərik qoşmaqdan qorxmazkən, nə üçün sizin şərk qoşduqlarınızdan qorxum?! Əgər bilirsinizsə, (deyin görək, bu) iki qrupdan hansı əmin-amanlıqda olmağa daha layiqdir?
(Ənam surəsi, 81)
Şübhəsiz ki, sizə (dünyada) verdiklərimizi arxada qoyaraq ilk dəfə sizi yaratdığımız kimi tək-tək Bizə gələcəksiniz. Öz aranızda (Allaha) şərik qoşduğunuz şəfaətçilərinizi sizin yanınızda görməyəcəyik. Artıq aranızdakı (əlaqə) kəsilmiş və iddia etdiyiniz (bütlər) də sizdən uzaqlaşıb getmişdir.
(Ənam surəsi, 94)
Onlar cinləri Allaha şərik qoşdular. Halbuki, onları da Allah yaratmışdır. Heç bir məlumatları olmadan Onun üçün oğullar və qızlar uydurdular. Allah, onların iddia etdiyi sifətlərdən uzaq və ucadır.
(Ənam surəsi, 100)
Onlar (Allahın) yaratdığı əkin və davardan Allah üçün pay ayırdılar və öz iddiaları üzrə: “Bu Allahındır, bu da (Allaha) şərik qoşduqlarımızındır!” - dedilər. Bütləri üçün olan hissə Allaha çatmaz, Allah üçün olan hissə isə bütlərə çatardı. Onların verdiyi hökm necə də pisdir!
(Ənam surəsi, 136)
Beləcə, onların ortaqları (olan şeytanlar) müşriklərin bir çoxuna övladlarını öldürməyi gözəl göstərdi ki, həm onları məhv etsinlər, həm də dinlərini qarışdırıb pozsunlar. Əgər Allah diləsəydi, bunu etməzdilər. Onları uydurduqları şeylərlə baş-başa burax!
(Ənam surəsi, 137)
De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin! Yoxsulluq qorxusu ilə övladlarınızı öldürməyin! Sizin də, onların da ruzisini Biz veririk. Pis işlərin açıq olanına da, gizli qalanına da yaxın durmayın! Allahın haram buyurduğu cana haqsız yerə qıymayın! Bunlar, (Allahın) sizə əmrləridir. Ola bilsin ki, siz düşünüb anlayasınız.
(Ənam surəsi, 151)
Onun heç bir şəriki yoxdur! Mənə belə əmr olunmuşdur və mən ilk müsəlmanam”.
(Ənam surəsi, 163)
Ancaq Allah onlara sağlam bir övlad bəxş etdiyi zaman onlar həmin uşaq barəsində Ona şəriklər qoşdular. Allah isə onların qoşduqları şəriklərdən ucadır!
(Əraf surəsi, 190)
Onlar heç nəyi yarada bilməyən və özləri də yaradılmış olan şeylərimi Allaha şərik qoşurlar?
(Əraf surəsi, 191)
Yoxsa onların (bütlərin) yeriyən ayaqları, tutan əlləri, görən gözləri, eşidən qulaqlarımı var?! De: “Şərik qoşduqlarınızı çağırın! Sonra mənə tələ qurun və mənə heç möhlət də verməyin!
(Əraf surəsi, 195)
Onlara Nuhun xəbərini oxu! Vaxtilə o öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, bilin ki, mən Allaha təvəkkül edirəm. Siz də şəriklərinizlə birlikdə işinizi qərarlaşdırın. Sonra işiniz başınıza dərd olmasın. Sonra haqqımda verdiyiniz hökmü icra edin və mənə heç möhlət də verməyin!
(Yunis surəsi, 71)
De: “Göylərin və yerin Rəbbi kimdir?” De ki: “Allahdır!” De: “Elə isə, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənləri (bütləri) dost tutdunuz?!” De: “Heç kor ilə görən eyni olarmı? Yaxud qaranlıq ilə aydınlıq eyni olarmı? Yoxsa Allaha, Onun kimi yarada bilən şəriklər qoşdular və onların nəzərində bu yaratma bir-birinə oxşarmı göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, hər şeyə gücü yetəndir”.
(Rad surəsi, 16)
Hər kəsin qazandığına nəzarət edən Allah (bütlər kimi olarmı)?! Yenə də onlar (bütləri) Allaha şərik qoşdular. De: “Onlara bir ad verin! Yoxsa Allaha yer üzündə bilmədiyi bir şeyimi xəbər verirsiniz, yaxud boş sözlərmi (söyləyirsiniz)? Əksinə, inkar edənlərə hiylələri gözəl göstərildi və onlar (haqq) yoldan döndərildilər. Allah kimi zəlalətə salmışsa, ona doğru yolu göstərən olmaz.
(Rad surəsi, 33)
Kitab verdiyimiz kimsələr, sənə nazil etdiyimizə (Qurana) görə sevinirlər. Ancaq (sənin əleyhinə olan) dəstələrdən bəziləri onun bir qismini inkar edirlər. De: “Mənə ancaq Allaha ibadət etməyim və Ona şərik qoşmamağım əmr olunmuşdur. Mən Ona dəvət edirəm və axır dönüşüm də Onadır!”
(Rad surəsi, 36)
(Haqq-hesab çəkilib) iş bitdiyi zaman şeytan (inkar edənlərə) deyəcəkdir: “Həqiqətən, Allah sizə haqq olanı vəd vermişdi. Mən də sizə vəd vermişdim, ancaq vədimə xilaf çıxdım. Onsuzda mənim sizə qarşı bir gücüm yoxdu. Mən sadəcə olaraq sizi (küfrə) dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Ona görə də məni qınamayın, özünüzü qınayın! Nə mən sizi xilas edə bilərəm, nə də siz məni xilas edə bilərsiniz. Şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı inkar etmişdim”. Həqiqətən, zalımlar üçün acı bir əzab vardır.
(İbrahim surəsi, 22)
Sonra qiyamət günü Allah onları rəzil edib belə deyəcəkdir: “Barələrində (möminlərlə) mübahisə etdiyiniz şəriklərim (bütləriniz) haradadır?” Elm verilmiş kəslər isə belə deyəcəklər: “Həqiqətən, bu gün inkar edənlər üçün rəzillik və pislik (əzab) vardır”.
(Nəhl surəsi, 27)
Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qul və verdiyimiz gözəl ruzidən həm gizli, həm də aşkar infaq edən (azad) bir kimsəni misal gətirdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur. Lakin onların əksəriyyəti bunu bilməz.
(Nəhl surəsi, 75)
Onun (şeytanın) hökmranlığı yalnız onu dost tutanların və Allaha şərik qoşanların üzərindədir.
(Nəhl surəsi, 100)
De: “Onların nə qədər qaldıqlarını ən yaxşı Allah bilir. Göylərin və yerin qeybi Ona aiddir. O necə də gözəl görür, necə də yaxşı eşidir! Onların Allahdan başqa heç bir himayədarı yoxdur. O, Öz hökmünə heç kimi ortaq etməz”.
(Kəhf surəsi, 26)
O Allah mənim Rəbbimdir və mən heç kimi Rəbbimə şərik qoşmaram!
(Kəhf surəsi, 38)
Beləcə, onun məhsulu tələf edildi. O, qoyduğu xərcə görə əllərini ovuşdurmağa başladı. (Bağın) talvarları da çökmüşdü. O isə: “Kaş heç kimi Rəbbimə şərik qoşmayaydım!” - deyirdi.
(Kəhf surəsi, 42)
O gün Allah: “İddia etdiyiniz şəriklərimi çağırın!” – deyər. Müşriklər də dərhal onları (bütlərini) çağırarlar. Ancaq (bütlər) onlara cavab verməzlər. Biz onların arasında bir uçurum yaradarıq.
(Kəhf surəsi, 52)
De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız tək olan ilahdır. Ona görə də kim Rəbbinə qovuşacağını ümid edirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kimi Ona şərik qoşmasın!”
(Kəhf surəsi, 110)
Bir zaman İbrahim üçün Evin (Kəbənin) yerini hazırlamışdıq (və belə demişdik): “Heç bir şeyi Mənə şərik qoşma! Təvaf edən, qiyamda duran, rüku edən və səcdəyə qapanan kimsələr üçün Mənim evimi təmiz saxla!”
(Həcc surəsi, 26)
Allaha şərik qoşmadan həniflər (Allahın birliyinə inanan möminlər) olun! Kim Allaha şərik qoşarsa, sanki o, göydən düşüb (parçalanmış) və quşlar onu alıb aparmış, yaxud külək onu sovurub uzaq bir yerə atmışdır.
(Həcc surəsi, 31)
Allah qeybi də, aşkarı da biləndir. O, onların şərik qoşduqlarından çox ucadır!
(Muminun surəsi, 92)
Allah sizlərdən iman edib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir. (Çünki) onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar. Artıq bundan sonra kim inkar edərsə, onlar əsil fasiqlərdir.
(Nur surəsi, 55)
De: “Həmd olsun Allaha! Seçmiş olduğu bəndələrinə da salam olsun! Allah xeyirlidir, yoxsa onların şərik qoşduqları?
(Nəml surəsi, 59)
O gün Allah onlara səslənərək: “Mənim şəriklərim olduğunu iddia etdikləriniz haradadır?!” - deyəcək.
(Qəsas surəsi, 62)
(Onlara:) “Çağırın şəriklərinizi!” - deyiləcək. Onlar da dərhal onları çağıracaq, ancaq onlar cavab verməyəcəklər və əzabı görəcəklər. Kaş onlar (dünyada) doğru yola yönələydilər.
(Qəsas surəsi, 64)
Rəbbin dilədiyini yaradar və seçər. Onların isə seçmə haqqı yoxdur. Allah pak və müqəddəsdir, onların şərik qoşduqlarından çox ucadır!
(Qəsas surəsi, 68)
O gün Allah onlara səslənərək: “Mənim şəriklərim olduğunu iddia etdikləriniz haradadır?” - deyəcəkdir.
(Qəsas surəsi, 74)
Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etdik. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Sizin dönüşünüz Mənədir və Mən etdiyiniz əməlləri sizə xəbər verəcəyəm.
(Ənkəbut surəsi, 8)
(Allaha qoşduqları) şəriklərindən heç biri onlar üçün şəfaətçi olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər.
(Rum surəsi, 13)
Sizə öz nəfsinizdən bir misal çəkdi: “Sizə ruzi olaraq verdiyimiz şeylərdə, əqd bağladıqlarınızdan və sizinlə bərabər olub özünüzdən qorxduğunuz kimi onlardan qorxduğunuz (yaxud hörmət etdiyiniz) şəriklər varmı?" Ağlını işlədə bilən bir qövm üçün ayələri biz bu cür izah edirik.
(Rum surəsi, 28)
Yoxsa Biz onlara şərik qoşmalarını söyləyən bir dəlilmi endirdik?!
(Rum surəsi, 35)
Allah sizi yaratmış, sonra sizə ruzi vermiş, sonra sizi öldürəcək, sonra da sizi (təkrar) dirildəcəkdir. (Allaha tay tutduğunuz) şərikləriniz arasında bunlardan hər hansı birini edə bilən biri varmı? O pak və müqəddəsdir, onların şərik qoşduqlarından çox ucadır!
(Rum surəsi, 40)
(Müşriklərə) de: “Allahdan başqa ilah olduğunu iddia etdiklərinizi çağırın!” Onlar nə göylərdə, nə də yerdə zərrə qədər bir şeyə sahibdirlər. Onların buralarda (göylərdə və yerdə) heç bir şərikliyi yoxdur. Onlardan heç biri Allahın köməkçisi də deyildir.
(Səba surəsi, 22)
De: “Allaha qoşduğunuz şərikləri mənə göstərin! Xeyr! Əksinə, O, yenilməz qüvvət və hikmət sahibidir”.
(Səba surəsi, 27)
De: “Allahı qoyub dua etdiyiniz şəriklərinizi gördünüzmü?! Mənə göstərin görək, onlar torpaqdan nə yaradıblar? Yaxud göylərdə onların bir şərikliyimi var? Yoxsa Biz onlara (bu barədə) bir kitabmı vermişik və buna görə də onlar oradakı bir dəlilə əsaslanırlar? Xeyr! Zalımlar bir-birlərinə ancaq yalan şeylər vəd edirlər.
(Fatir surəsi, 40)
Allah bir-biri ilə çəkişən bir neçə şəriyin sahib olduğu bir kişi (kölə) ilə bir tək sahibi olan kişini (köləni) misal çəkir. Onlar eyni vəziyyətdə ola bilərlərmi?! Həmd Allaha məxsusdur. Ancaq onların çoxu bunu bilməz.
(Zumər surəsi, 29)
(Onlara belə deyiləcək:) “Bu ona görədir ki, Allahın təkliyinə dəvət olunarkən siz inkar edir, Ona şərik qoşulduqda isə buna inanırdınız. Artıq hökm uca və böyük olan Allahındır”.
(Mömin surəsi, 12)
Qiyamətin vaxtını yalnız O bilir. Onun xəbəri olmadan heç bir meyvə (çəyirdəyi) qabığından çıxmaz, heç bir dişi hamilə qalmaz və doğmaz. Allahın onlara: “Şəriklərim haradadır?” - deyə səslənəcəyi gün onlar: “Biz (buna dair) aramızda heç bir şahidin olmadığını sənə bildirdik”, - deyəcəklər.
(Fussilət surəsi, 47)
Yoxsa onların, Allahın izin vermədiyi şeyləri onlar üçün dini hökmlər olaraq təyin edən şəriklərimi var?! Əgər (əzabın təxirə salınmasına dair) qəti hökm olmasaydı, şübhəsiz ki, onların arasında qərar verilərdi. Həqiqətən, zalımlar üçün acı bir əzab vardır.
(Şura surəsi, 21)
De: “Deyin görüm, Allahdan başqa dua etdikləriniz torpaqdan nə yaradıblar?! Yoxsa onların göylərdə bir şərikliyimi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəlki (sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki elçilərin gətirdiyi) elmdən qalan bir şey gətirin!”
(Əhqaf surəsi, 4)
Allahla yanaşı başqa bir ilah qəbul etməyin! Həqiqətən, mən Onun tərəfindən sizə göndərilmiş açıq-aşkar xəbərdarlıq edən bir elçiyəm”.
(Zəriyət surəsi, 51)
Ey elçi! Mömin qadınlar heç bir şeyi Allaha şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, özlərindən uydurduqları bir böhtanla gəlməyəcəklərinə (başqa kişilərdən olan uşaqlarını yalandan öz ərlərinə isnad etməyəcəklərinə) və yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəlsələr, onların beyətlərini qəbul et və Allahdan onların bağışlanmasını dilə! Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Mumtəhənə surəsi, 12)
Yoxsa onların şəriklərimi var?! Əgər doğru deyirlərsə, onda şəriklərini gətirsinlər.
(Qələm surəsi, 41)
O, doğru yola yönəldir. Ona görə də biz ona iman etdik və əsla heç kimi Rəbbimizə şərik qoşmayacağıq!
(Cin surəsi, 2)
De: “Mən yalnız Rəbbimə dua edirəm və heç kimi Ona şərik qoşmuram”.
(Cin surəsi, 20
)