Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sənə də, özündən əvvəlki kitabı təsdiqləmək və onu qorumaq üzrə haqq olaraq Kitabı (Quranı) nazil etdik. Onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm ver və sənə gələn haqqı qoyub onların arzularına uyma! Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin O, verdikləri ilə sizi imtahan etmək üçün (belə etdi). Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın! Hamınızın dönüşü Allahadır. O, ixtilafa düşdüyünüz şeylər barəsində sizə xəbər verəcəkdir.
(Maidə surəsi, 48)
Nuha tövsiyə etdiyi, sənə vəhy etdiyi, İbrahimə, Musaya və İsaya da tövsiyə etdiyi “Dini təhrif etmədən qoruyub saxlayın və onda ayrılığa düşməyin!” sözünü Allah dində sizin üçün qanun olaraq təyin etdi. Müşrikləri dəvət etdiyin (din) onlara ağır gəldi. Allah istədiyini (elçi) seçər və Ona yönələni doğru yola yönəldər.
(Şura surəsi, 13)
Yoxsa onların, Allahın izin vermədiyi şeyləri onlar üçün dini hökmlər olaraq təyin edən şəriklərimi var?! Əgər (əzabın təxirə salınmasına dair) qəti hökm olmasaydı, şübhəsiz ki, onların arasında qərar verilərdi. Həqiqətən, zalımlar üçün acı bir əzab vardır.
(Şura surəsi, 21)
Sonra səni də dində bir şəriət sahibi etdik. Sən ona tabe ol və bilməyənlərin arzularına uyma!
(Casiyə surəsi, 18
)