Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bu (Quran), Ümmül-Qura (böyük şəhər) əhlini və onun ətrafındakıları xəbərdar etməyin üçün nazil etdiyimiz və özündən əvvəlkiləri doğrulayan mübarək bir kitabdır. Axirətə iman edən kimsələr ona iman edər və namazlarını qılmağa davam edərlər.
(Ənam surəsi, 92)
Onlar dedilər: “Onu da, qardaşını da saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki,
(Əraf surəsi, 111)
Firon dedi: “Mən sizə icazə vermədən ona iman etdiniz? Şübhəsiz ki, bu, əhalisini çıxartmaq üçün şəhərdə qurduğunuz bir hiylədir. Siz (başınıza gələcək şeyləri) biləcəksiniz!
(Əraf surəsi, 123)
O zaman onlara belə deyilmişdi: “Bu şəhərdə (Qüdsdə) məskunlaşın. Ondan (nemətlərindən) istədiyiniz kimi yeyin. “Hittə!” (Bizi bağışla!) deyin və qapıdan əyilərək daxil olun ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərin mükafatlarını daha da artıracağıq.
(Əraf surəsi, 161)
Onlara, özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud qövmünün, İbrahim qövmünün, Mədyən xalqının və alt-üst olmuş şəhərlərin xəbəri gəlmədimi?! Elçiləri onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm edəsi deyildi, lakin onlar özlərinə zülm edirdilər.
(Tövbə surəsi, 70)
Şəhərdəki bəzi qadınlar belə dedilər: “Vəzirin zövcəsi öz cavan köləsini tovlayıb yoldan çıxartmaq istəyir. Yusifin məhəbbəti onu dəli-divanə etmişdir. Həqiqətən, biz onu açıq-aşkar bir sapqınlıq içində görürük”.
(Yusif surəsi, 30)
Səndən əvvəl də yalnız şəhər əhlindən vəhy etdiyimiz kişiləri elçi göndərdik. Onlar yer üzündə gəzib dolaşmadılarmı ki, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görsünlər?! Şübhəsiz, təqva sahibləri üçün axirət yurdu daha yaxşıdır. Hələ də dərk etmirsinizmi?
(Yusif surəsi, 109)
Şəhər əhalisi sevinərək (mələklərin yanına) gəldilər.
(Hicr surəsi, 67)
(Bu heyvanların bir qismi də) sizin yüklərinizi, yalnız məşəqqətlə çata biləcəyiniz bir məmləkətə daşıyarlar. Həqiqətən, sənin Rəbbin çox şəfqətlidir, mərhəmətlidir.
(Nəhl surəsi, 7)
Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz oranı məhv etməyək, yaxud oranı şiddətli bir əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır.
(İsra surəsi, 58)
Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlan uşağına məxsus idi. Onun altında onlara aid bir xəzinə vardı. Ataları da yaxşı insan idi. Rəbbin istədi ki, onlar həddi-büluğa çatıb Rəbbindən bir rəhmət olaraq öz xəzinələrini çıxartsınlar. Mən bunu öz ixtiyarımla etmədim. Bu, səbir edə bilmədiyin şeylərin izahıdır”.
(Kəhf surəsi, 82)
Luta gəldikdə, Biz ona hökm (elçilik, hakimlik) və elm verdik. Onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis işlər görən fasiq kimsələrdilər.
(Ənbiya surəsi, 74)
Onlar dedilər: “Onu və qardaşını yubandır və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki,
(Şuəra surəsi, 36)
Firon şəhərlərə (əsgər) yığanlar göndərdi.
(Şuəra surəsi, 53)
O şəhərdə fitnə-fəsad törədən və heç bir yaxşı iş görməyən doqquz nəfər var idi.
(Nəml surəsi, 48)
Beləliklə, o, şəhərdə qorxu içində ətrafa göz qoya-qoya səhərə çıxdı. Bir də gördü ki, dünən ondan yardım istəyən həmin adam yenə qışqıraraq onu köməyə çağırır. Musa ona: “Sən, həqiqətən də, açıq-aşkar bir azğınsan”, - dedi.
(Qəsas surəsi, 18)
Sənin Rəbbin məmləkətlərin mərkəzinə ayələrimizi oxuyan bir elçi göndərmədikcə oranı məhv etməz. Biz yalnız xalqı zalım olan məmləkətləri məhv edərik.
(Qəsas surəsi, 59)
Əgər münafiqlər, qəlbində xəstəlik olanlar və Mədinədə yalan şayiələr yayanlar (bu əməllərindən) vaz keçməsələr, əlbəttə, səni onların üstünə göndərərik. Sonra onlar orada səninlə yalnız az bir müddət qala bilərlər.
(Əhzab surəsi, 60)
Səbə qövmü üçün məskunlaşdıqları yerdə ibrət olan iki bağları vardı. Onlardan biri sağ, digəri isə sol tərəfdə idi. (Onlara belə deyilmişdi:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin! Gözəl bir diyar və bağışlayan bir Rəbb!”
(Səba surəsi, 15)
Biz onların (Səbə qövmünün) və bərəkət verdiyimiz məmləkətlərin arasında açıq-aşkar görünən qəsəbələr inşa etdik, aralarındakı gediş-gəlişi də asanlaşdırdıq. (Onlara belə dedik:) “Gecə-gündüz orada arxayın gəzib dolaşın!”
(Səba surəsi, 18)
Sən onlara şəhər xalqını misal çək! Bir vaxtlar ora elçilər gəlmişdi.
(Yasin surəsi, 13)
İnkar edənlərdən başqası Allahın ayələri haqqında mübahisə etməz. Onların şəhərlərdə (arxayınlıqla) gəzib dolaşmaları səni aldatmasın.
(Mömin surəsi, 4)
Beləcə, şəhərlərin anası (böyük şəhər) və onun ətrafındakıları xəbərdar edəsən və haqqında heç bir şübhə olmayan toplanış günü ilə (onları) qorxudasan deyə sənə ərəbcə bir Quran vəhy etdik. İnsanların bir qismi cənnətdə, bir qismi isə cəhənnəmdə olacaqdır.
(Şura surəsi, 7)
Onlar: “Bu Quran iki şəhərdən (Məkkə, yaxud Taifdən) olan böyük bir adama nazil edilməli deyildimi?” - dedilər.
(Zuxruf surəsi, 31)
Biz sizin ətrafınızdakı (Səmud və Ad kimi) məmləkətləri də məhv etdik. Bəlkə (haqq yola) qayıdalar deyə ayələri (dəlilləri) təkrar-təkrar bəyan etdik.
(Əhqaf surəsi, 27)
Biz onlardan əvvəl özlərindən daha güclü olan və ölkələri gəzib dolaşan neçə-neçə nəsilləri məhv etdik. (Əzabdan) qurtuluş varmı?!”
(Qaf surəsi, 36)
Alt-üst olmuş şəhərləri (Lut qövmünün məmləkətini) də O viran qoydu.
(Nəcm surəsi, 53)
Allahın (fəth edilən) məmləkətlərin xalqından elçisinə verdiyi qənimətlər sizdən zəngin olanlar arasındakı bir sərvətə çevrilməsin deyə Allaha, elçiyə, qohumlarına, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara məxsusdur. Elçi sizə nə verirsə, onu alın, nəyi də qadağan edirsə, ondan uzaq durun! Allahdan qorxun! Şübhəsiz ki, Allahın cəzalandırması şiddətlidir.
(Həşr surəsi, 7)
Onlar sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə, yaxud sipər arxasından hamılıqla vuruşarlar. Öz aralarındakı vuruşmaları isə çox şiddətlidir. Sən onların həmrəy olduqlarını zənn edərsən, halbuki qəlbi müxtəlif düşüncələr içindədir. Çünki onlar dərk etməyən bir tayfadır.
(Həşr surəsi, 14)
Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş məmləkətlər də o günahı etdilər (şirkə düşdülər).
(Haqqə surəsi, 9)
Məmləkətlər arasında onlar kimisi yaradılmamışdı.
(Fəcr surəsi, 8)
Onlar öz yurdlarında azğınlıq etmişdilər.
(Fəcr surəsi, 11)
Vaxtilə (yəhudilərə) belə demişdik: “Bu kəndə girin və bəyəndiyiniz yerdə, istədiyinizdən bol-bol yeyin! Qapısından da (Allaha) səcdə edərək daxil olun və: “Hittə!” (Bizi bağışla!) – deyin ki, Biz də sizin günahlarınızı bağışlayaq!” Yaxşı işlər görənlər üçün (mükafatlarını) artıracağıq.
(Bəqərə surəsi, 58)
O zaman İbrahim demişdi: “Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et! Əhalisindən Allaha və axirət gününə inananlara (hər növ) məhsullardan ruzi ver!” Allah dedi: “İnkar edənləri (dünya nemətlərindən) bir qədər faydalandırar, sonra da cəhənnəm əzabına düçar edərəm. Ora nə pis dönüş yeridir!”
(Bəqərə surəsi, 126)
Yaxud xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (Üzeyir əleyhissalamın xəbərini eşitmədinmi)? O demişdi: “Allah buranı ölümündən sonra necə dirildəcək?” Beləcə, Allah onu yüz illiyinə öldürdü. Sonra onu diriltdi və: “Nə qədər (yatıb) qaldın?” - dedi. O dedi: “Bir gün, yaxud bir gündən də az qaldım”. (Allah ona) dedi: “Əksinə, yüz il qalmısan. Yeməyinə və suyuna bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax (ölüb və sadəcə sümükləri qalıb)! Səni insanlar üçün ibrət dərsi etmək məqsədilə (belə etdik). (Uzunqulağın) sümüklərinə bax, gör onları necə birləşdirir, sonra da onları ətlə örtürük!” Ona (hər şey) aydın olan zaman: “İndi yaxşı bilirəm ki, Allah hər şeyə qadirdir!” – dedi.
(Bəqərə surəsi, 259)
Küləkləri mərhəmətinin önündə (yağışdan əvvəl) müjdəçi olaraq göndərən Odur. Nəhayət, (küləklər) ağır buludları yükləndiyi zaman onları ölü (qurumuş) bir məmləkətə göndərərik. Beləcə, ora suyu endirərik və onunla hər cür meyvələri (torpaqdan) çıxardarıq. Biz ölüləri də belə çıxardacağıq. Bəlkə, düşünüb ibrət alasınız.
(Əraf surəsi, 57)
Rəbbinin izni ilə gözəl məmləkətin (torpağın) bitkiləri də (gözəl) çıxar. Pis olan (bir torpağın bitkiləri) isə, ancaq və ancaq çətinliklə çıxar. Şükür edən bir qövm üçün ayələri belə bəyan edirik.
(Əraf surəsi, 58)
Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf gəlir, şənbə günündən başqa günlər isə gəlmirdilər. Günah işlədiklərinə görə onları bu şəkildə imtahana çəkirdik.
(Əraf surəsi, 163)
Getdiyimiz şəhərdən (şəhərin əhalisindən) də, birlikdə gəldiyimiz karvandan da soruşa bilərsən. Həqiqətən, biz doğru söyləyirik!”
(Yusif surəsi, 82)
Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri (Məkkəni) təhlükəsiz bir yer et! Məni və övladlarımı da bütlərə ibadət etməkdən uzaq tut!
(İbrahim surəsi, 35)
Allah (əhalisi) əmin-amanlıq içində olan və ruzisi hər yerdən bol-bol gələn bir şəhəri (Məkkəni) misal çəkir. Ancaq (oranın əhalisi) Allahın nemətlərini inkar etdi. Allah da onlara, etdikləri əməllərə görə aclıq və qorxu sıxıntısını daddırdı.
(Nəhl surəsi, 112)
Beləcə, öz aralarında bir-birindən (nə qədər vaxt yatıb qaldıqlarını) soruşsunlar deyə onları oyatdıq. Onlardan biri: “Nə qədər (yatıb) qaldınız?” - dedi. Digərləri: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq!” - dedilər. (Onlardan bəziləri də) dedilər ki: “Rəbbiniz, qaldığınız müddəti daha yaxşı bilir. Aranızdan birini bu gümüş pulla şəhərə göndərin ki, hansı yeməyin daha təmiz olduğuna baxsın və o ərzaqdan sizə gətirsin. O, gizlicə hərəkət etsin və qətiyyən sizi heç kimə sezdirməsin!
(Kəhf surəsi, 19)
Qövmünün cavabı isə yalnız: “Lut ailəsini məmləkətinizdən çıxarın! Çünki onlar çox təmiz kimsələrdir”, - demələri oldu.
(Nəml surəsi, 56)
(De:) Şübhəsiz, mənə bu şəhərin (Məkkənin) Rəbbi olan və oranı müqəddəs edən Allaha ibadət etməyim əmr olunmuşdur. Hər şey Onundur. Mənə (Allaha) təslim olanlardan olmağım əmr olunmuşdur.
(Nəml surəsi, 91)
Musa əhalisinin xəbəri olmadan şəhərə daxil oldu. Orada biri öz tayfasından, digəri isə düşmən tayfadan olan iki nəfərin döyüşdüyünü gördü. Öz tayfasından olan şəxs düşməninə qarşı ondan kömək istədi. Musa da yumruq vurub onu (düşmən tayfadan olanı) öldürdü. Musa: “Bu, şeytan əməlidir. Həqiqətən, o, zəlalətə sürükləyən açıq-aydın bir düşməndir!” - dedi.
(Qəsas surəsi, 15)
Bir nəfər şəhərin ən ucqar yerindən qaça-qaça gəlib belə dedi: “Ey Musa! Əyanlar səni öldürmək barədə məsləhətləşirlər. Dərhal buradan çıx! Mən sənə bunu tövsiyə edirəm”.
(Qəsas surəsi, 20)
Biz mürəffəh həyatı ilə qürrələnən neçə-neçə məmləkəti məhv etdik. Bu, onlardan sonra insanların çox az məskunlaşdığı yurdlarıdır. Lakin (onların hamısına) Biz varis olduq.
(Qəsas surəsi, 58)
Şəhərin ən ucqar yerindən bir kişi qaçaraq gəlib belə dedi: “Ey qövmüm, bu elçilərə tabe olun!
(Yasin surəsi, 20)
Bəndələrə ruzi olsun deyə! Biz o su ilə ölü bir məmləkətə can verdik. Yenidən dirilmə də belə olacaqdır.
(Qaf surəsi, 11)
And içirəm bu şəhərə (Məkkəyə)!
(Bələd surəsi, 1)
And olsun əmin-amanlıq içində olan bu şəhərə (Məkkəyə)!
(Tin surəsi, 3
)