Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Beləliklə, sizi insanlara şahid olasınız və elçi də sizə şahid olsun deyə orta (mötədil) bir ümmət etdik. Sənin yönəldiyin qibləni (Kəbəni) yalnız ona görə təyin etdik ki, elçiyə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayıraq. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqasına ağır gələr. Allah sizin imanınızı əsla puça çıxartmaz. Şübhəsiz ki, Allah insanlara qarşı şəfqətlidir, mərhəmətlidir.
(Bəqərə surəsi, 143)
İnsanlardan eləsi də var ki, Allahın rizasını istəyərək öz canını verər. Allah bəndələrinə qarşı şəfqətlidir.
(Bəqərə surəsi, 207)
Hər kəsin etdiyi yaxşı əməlləri və pis əməlləri, qarşısında hazır bir vəziyyətdə görəcəyi o gün (qiyamət günü insan), onunla (günahları ilə) özü arasında uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən (əzabından) çəkindirir. Allah bəndələrinə qarşı şəfqətlidir.
(Ali İmran surəsi, 30)
Həqiqətən, sizə öz içinizdən elə bir elçi gəlmişdir ki, sizin çətinliyə düşməyiniz ona ağır gələr. O, sizə qarşı qayğıkeşdir, möminlərə qarşı çox şəfqətli və mərhəmətlidir.
(Tövbə surəsi, 128)
(Bu heyvanların bir qismi də) sizin yüklərinizi, yalnız məşəqqətlə çata biləcəyiniz bir məmləkətə daşıyarlar. Həqiqətən, sənin Rəbbin çox şəfqətlidir, mərhəmətlidir.
(Nəhl surəsi, 7)
Yaxud (əzabın) onları yavaş-yavaş yaxalamayacağına (əmindirlərmi)? Şübhəsiz ki, Rəbbiniz çox şəfqətlidir, mərhəmətlidir.
(Nəhl surəsi, 47)
Görmürsənmi ki, Allah yerdə olanları və Onun əmri ilə dənizdə üzən gəmiləri sizin xidmətinizə vermişdir?! Göyü də izni olmadıqca yerə düşməməsi üçün tutub saxlayır. Şübhəsiz ki, Allah insanlara qarşı çox şəfqətli və mərhəmətlidir.
(Həcc surəsi, 65)
Sizi zülmətdən aydınlığa çıxartmaq üçün Öz bəndəsinə açıq-aydın ayələr nazil edən Odur! Şübhəsiz ki, Allah sizə qarşı çox şəfqətlidir, mərhəmətlidir.
(Hədid surəsi, 9)
Sonra onların ardınca elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Ona tabe olanların qəlbinə şəfqət və mərhəmət qoyduq. Uydurduqları rahibliyi Biz onlara vacib etmədik. Onlar özləri Allahın rizasını qazanmaq üçün bunu etdilər, lakin buna da lazımi şəkildə riayət etmədilər. Onlardan iman edənlərə mükafatlarını verdik. Ancaq onların çoxu fasiqlərdir.
(Hədid surəsi, 27)
Onlardan sonra gələnlər isə: “Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman etmiş qardaşlarımızı bağışla! İman edənlərə qarşı qəlbimizdə heç bir kin-küdurətə yer vermə! Ey Rəbbimiz, həqiqətən, Sən şəfqətlisən, mərhəmətlisən!” - deyərlər.
(Həşr surəsi, 10
)