Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey İsrail oğulları, sizə bəxş etdiyim nemətimi yada salın! Mənə verdiyiniz sözü tutun ki, Mən də sizə verdiyim sözü tutum. Yalnız Məndən qorxun!
(Bəqərə surəsi, 40)
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi (vaxtilə) aləmlərdən (digər insanlardan) üstün tutduğumu yada salın!
(Bəqərə surəsi, 47)
Bir zaman İsrail oğullarından: “Allahdan başqasına ibadət etməyin! Valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin! İnsanlarla xoş danışın! Namazı qılın, zəkatı verin!” – deyə əhd almışdıq. Sonra, az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib (vədinizdən) döndünüz.
(Bəqərə surəsi, 83)
Ey İsrail oğulları! Sizə verdiyim nemətimi və (bir vaxtlar) sizi aləmlərdən (digər insanlardan) üstün etdiyimi yada salın!
(Bəqərə surəsi, 122)
İsrail oğullarından soruş ki, Biz onlara nə qədər açıq dəlillər göndərdik. Allahın neməti gəldikdən sonra kim onu dəyişdirərsə, bilsin ki, Allahın əzabı şiddətlidir.
(Bəqərə surəsi, 211)
Musadan sonra İsrail oğullarından bir dəstəni görmədinmi?! Onlar öz elçilərinə demişdilər: “Bizə bir hökmdar göndər ki, (onun rəhbərliyində) Allah yolunda vuruşaq!” O da: “Vuruşmaq sizə əmr olunduğu zaman bəlkə vuruşmadınız?!” - dedi. Onlar: “Bizə nə olub ki, Allah yolunda vuruşmayaq. Yurdumuzdan çıxarılmışıq və övladlarımızdan (ayrı düşmüşük)”, - dedilər. Vuruşmaq onlara vacib edilən zaman onlardan az bir qismi istisna olmaqla, (döyüşdən) üz çevirdilər. Allah zalımları çox yaxşı tanıyır.
(Bəqərə surəsi, 246)
Və o, İsrail oğullarına elçi (olacaqdır). (İsa deyəcək:) “Mən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldaram. Allahın izni ilə ölüləri dirildərəm. Evlərinizdə yediklərinizi və yığdıqlarınızı da sizə xəbər verərəm. Əgər möminsinizsə, əlbəttə, bunda sizin üçün bir dəlil vardır.
(Ali İmran surəsi, 49)
Tövratın göndərilməsindən əvvəl İsrailin (Yaqub elçisin) özünə haram etdiyi şeylər istisna olmaqla, hər növ yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru söyləyirsinizsə, Tövratı gətirin və oxuyun!”
(Ali İmran surəsi, 93)
Şübhəsiz ki, Allah İsrail oğullarından əhd almışdı. Onlardan on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah (onlara) demişdi: “Mən sizinləyəm. Əgər namazı qılsanız, zəkatı versəniz, elçilərimə iman edib onlara kömək etsəniz və Allaha gözəl bir borc versəniz (ehtiyacı olanlara faizsiz borc versəniz), əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim küfrə düşərsə, doğru yoldan azmış olar”.
(Maidə surəsi, 12)
Buna görə də İsrail oğullarına belə yazdıq (hökm verdik): “Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar. Elçilərimiz onlara açıq-aydın dəlillər (möcüzələr) gətirmişdilər. Ancaq onlardan bir çoxu bundan sonra da yer üzündə həddi aşmaqdadır.
(Maidə surəsi, 32)
Həqiqətən, Biz İsrail oğullarından əhd almış və onlara elçilər göndərmişdik. Hər dəfə bir elçi onlara, nəfsinin arzulamadığı bir şeyi (ilahi hökmləri) gətirəndə, onlar (elçilərin) bir qismini yalanladılar, bir qismini də öldürdülər.
(Maidə surəsi, 70)
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər şübhəsiz ki, inkar edən olmuşlar. Halbuki, Məsih belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, Allah cənnəti ona haram edər. Onun sığınacağı yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi olmayacaq”.
(Maidə surəsi, 72)
İsrail oğullarından inkar edən olanlar Davudun və Məryəm oğlu İsanın dili ilə lənətlənmişlər. Bunun səbəbi onların üsyan etmələri və həddi aşmaları idi.
(Maidə surəsi, 78)
O zaman Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla! Vaxtilə Mən səni müqəddəs ruhla dəstəkləmişdim. Sən həm beşikdə, həm də yetkin çağında insanlarla danışırdın. O vaxt sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldir və ona üfürürdün, o da iznimlə quşa çevrilirdi. Həmçinin iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin və Mənim iznimlə ölüləri (yerdən dirildib) çıxardırdın. İsrail oğullarını da səndən (səni öldürməkdən) dəf etmişdim. Sən onlara açıq-aşkar dəlillər gətirdiyin zaman onlardan inkar edənlər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” - demişdilər.
(Maidə surəsi, 110)
Allah barəsində yalnız həqiqəti söyləmək mənim borcumdur. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gətirmişəm. İsrail oğullarını mənimlə bərabər göndər (azad et)!”
(Əraf surəsi, 105)
Onlara əzab gəldiyi zaman dedilər: “Ey Musa! Sənə verdiyi əhdin hörmətinə bizim üçün Rəbbinə dua et! Əgər əzabı bizdən dəf etsən, mütləq sənə iman edəcək və hökmən İsrail oğullarını səninlə göndərəcəyik”.
(Əraf surəsi, 134)
Zəif qövmü (İsrail oğullarını) yerin bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis (hakim) etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz yerinə yetdi. Firon və qövmünün düzəltdikləri və ucaltdıqları (binaları) isə məhv etdik.
(Əraf surəsi, 137)
İsrail oğullarını dənizdən keçirtdik və onlar, özlərinə xas bütlərə sitayiş edən bir qövmlə rastlaşdılar. (İsrail oğulları) dedilər: “Ey Musa! Bizə də onların ilahları kimi bir ilah düzəlt!” Musa dedi: “Həqiqətən, siz cahil bir qövmsünüz.
(Əraf surəsi, 138)
İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onları izlədilər. Nəhayət, Firon boğularkən dedi: “Mən İsrail oğullarının inandığı ilahdan başqa bir ilah olmadığına iman etdim. Mən də müsəlmanlardanam!”
(Yunis surəsi, 90)
And olsun ki, İsrail oğullarını gözəl bir yurda yerləşdirdik və onlara təmiz nemətlər bəxş etdik. Onlara elm (Quran) gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, qiyamət günü Rəbbin ixtilaf etdikləri məsələlər barəsində onların arasında hökm verəcəkdir.
(Yunis surəsi, 93)
Musaya Kitabı verdik və İsrail oğullarına: “Məndən başqa heç kimi vəkil tutmayın!” - deyərək onu bir hidayət rəhbəri etdik.
(İsra surəsi, 2)
Biz İsrail oğullarına Kitabda (Tövratda) belə bildirdik: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və təkəbbürlənərək dikbaşlıq edəcəksiniz!”
(İsra surəsi, 4)
Şübhəsiz, Biz Musaya açıq-aşkar doqquz möcüzə verdik. İsrail oğullarından da soruş. Musa onların yanına gəldiyi zaman Firon ona: “Ey Musa! Mən sənin ovsunlandığını zənn edirəm”, - demişdi.
(İsra surəsi, 101)
Bundan sonra İsrail oğullarına: “Siz o yerdə məskunlaşın! Vəd olunan axirət gəlib çatdığı zaman sizin hamınızı bir yerə yığacağıq”, - dedik.
(İsra surəsi, 104)
Onlar Allahın nemət verdiyi elçilərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
(Məryəm surəsi, 58)
Onun yanına gedib belə deyin: “Biz sənin Rəbbinin elçiləriyik. Ona görə də İsrail oğullarını bizimlə göndər və onlara əziyyət etmə! Biz sənə Rəbbindən bir dəlil gətirmişik. Haqq yola uyanlara salam olsun!
(Taha surəsi, 47)
Ey israil oğulları! Biz sizi düşməninizdən xilas etdik. Tur dağının sağ tərəfinə (gəlməyiniz üçün) sizinlə vədələşdik. Sizə (göydən) qüdrət halvası və bildirçin əti endirdik.
(Taha surəsi, 80)
(Harun) dedi: “Ey anamın oğlu! Saçımı, saqqalımı burax! Sənin: “İsrail oğullarının arasına ayrılıq saldın və mənim dediklərimə riayət etmədin!” - deməyindən qorxdum.
(Taha surəsi, 94)
İsrail oğullarını bizimlə göndər!”
(Şuəra surəsi, 17)
Mənə minnət qoyduğun o nemət də İsrail oğullarını özünə qul etməyindir”.
(Şuəra surəsi, 22)
Beləcə, İsrail oğullarını oraların varisi etdik.
(Şuəra surəsi, 59)
İsrail oğulları alimlərinin onu bilmələri onlar üçün bir dəlil deyilmi?
(Şuəra surəsi, 197)
Şübhəsiz, bu Quran İsrail oğullarına ixtilafda olduqları məsələlərin bir çoxunu xəbər verir.
(Nəml surəsi, 76)
Şübhəsiz ki, Musaya da Kitabı verdik. (Ey elçi!) Sən onunla görüşəcəyinə şübhə etmə! Biz onu İsrail oğulları üçün doğru yol göstərən bir rəhbər etmişdik.
(Səcdə surəsi, 23)
Biz Musaya doğru yolu göstərən rəhbəri verdik və İsrail oğullarını o Kitaba varis etdik.
(Mömin surəsi, 53)
İsa nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir bəndədir.
(Zuxruf surəsi, 59)
Biz İsrail oğularını alçaldıcı əzabdan xilas etdik.
(Duxan surəsi, 30)
Həqiqətən, Biz İsrail oğullarına Kitab, hökm və elçilik verdik. Onlara yaxşı nemətlərdən ruzi verdik və onları aləmlərdən (digər insanlardan) üstün etdik.
(Casiyə surəsi, 16)
De: “Deyin görüm, əgər (bu Quran) Allah tərəfindən nazil olduğu halda siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun bənzərini görüb iman etdiyi halda siz təkəbbürlənsəniz, zülm etmiş olmazsınızmı? Şübhəsiz ki, Allah zalımları doğru yola yönəltməz”.
(Əhqaf surəsi, 10)
Bir vaxtlar Məryəm oğlu İsa: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl gələn Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı bir elçini müjdələyən elçisiyəm!” - demişdi. İsa onlara açıq-aşkar möcüzələr gətirdiyi zaman onlar: “Bu açıq-aydın bir sehrdir!” - dedilər.
(Saff surəsi, 6)
Ey iman edənlər, Allahın yardımçıları olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim yardımçılarım kimlərdir?” - demişdi. Həvarilər də: “Allahın yardımçıları bizik!” - demişdilər. İsrail oğullarından bir tayfa (İsaya) iman etdi, bir tayfa isə onu inkar etdi. Biz də iman edənləri düşmənlərinə qarşı dəstəklədik və onlar qalib gəldilər.
(Saff surəsi, 14
)