Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlara: “Yer üzündə fitnə-fəsad törətməyin!” - deyildikdə onlar: “Biz yalnız islahedicilərik!” - deyərlər.
(Bəqərə surəsi, 11)
Dünya və axirət barəsində (düşünün)! Səndən yetimlər haqqında da soruşurlar. De ki: “Onlar üçün (yaşayışlarını) yaxşılaşdırmaq daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah fitnə-fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Bəqərə surəsi, 220)
Sizdən iki kişi onu (homoseksuallıq) etsə, hər ikisinə əziyyət verin. Əgər tövbə edib (əməllərini) düzəltsələr, onlardan əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.
(Nisa surəsi, 16)
Ancaq tövbə edib özlərini islah edən, Allaha (Allahın dininə) sarılan və Allah üçün dinlərini (ibadətlərini) ixlasla yerinə yetirən kimsələr istisnadır. Onlar möminlərlə bərabərdirlər. Allah möminlərə böyük mükafat verəcəkdir.
(Nisa surəsi, 146)
Ayələrimizə iman edənlər sənin yanına gəldikləri zaman (onlara) de: “Sizə salam olsun! Rəbbiniz mərhəmətli olmağı Özünə vacib etdi. Odur ki, sizlərdən hər kim bilməyərək pis bir iş görərsə, sonra onun arxasınca tövbə edib özünü islah edərsə, bilsin ki, Allah bağışlayandır, rəhmlidir”.
(Ənam surəsi, 54)
Musa ilə otuz gecə (ibadət etməsi) barədə vədələşdik və on gecə də ona əlavə etdik. Beləcə Rəbbinin təyin etdiyi müddət qırx gecə oldu. Musa qardaşı Haruna: “Sən qövmüm içərisində mənim yerimə keçib (onları) islah et və fitnə-fəsad törədənlərin yolunu izləmə!” – dedi.
(Əraf surəsi, 142)
(Şüeyb) dedi: “Ey qövmüm! Deyin görək, əgər mən Rəbbimdən gələn açıq-aşkar bir dəlilə əsaslanıramsa və Allah mənə Öz dərgahından gözəl bir ruzi veribsə, onda necə?! Mən sizə qadağan etdiyimin əksinə hərəkət etmək istəmirəm. Yalnız gücüm çatdığı qədər (sizi) islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahdandır. Mən Ona təvəkkül etmişəm və Ona dönəcəyəm.
(Hud surəsi, 88)
Xalqı əməlisaleh olduğu halda, Rəbbin o məmləkətləri haqsız yerə məhv etməz.
(Hud surəsi, 117)
Həqiqətən, Rəbbin cahillikləri səbəbilə pis iş görüb, sonra tövbə edərək özlərini islah edənləri - (bütün) bunlardan sonra bağışlayandır, rəhm edəndir.
(Nəhl surəsi, 119)
Musa ikisinin də düşməni olan adamı yaxalamaq istəyərkən o belə dedi: “Ey Musa! Dünən bir nəfəri öldürdüyün kimi məni də öldürmək istəyirsən? Sən yer üzündə ancaq zalım biri olmaq istəyirsən və xeyirxahlardan olmaq istəmirsən!”
(Qəsas surəsi, 19)
(Əgər belə etsəniz,) Allah sizin işlərinizi düzəldər və günahlarınızı bağışlayar. Kim Allaha və Onun elçisinə itaət edərsə, böyük bir uğura nail olar.
(Əhzab surəsi, 71)
Pisliyin cəzası misli ilə pislik etməkdir. Ancaq kim (pislik edəni) bağışlayar və barışarsa, onun mükafatı Allaha məxsusdur. Şübhəsiz ki, O, zalımları sevməz.
(Şura surəsi, 40
)