Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O kəslər ki, qeybə (Allaha, mələklərə və axirət gününə) inanır, namazı qılır və onlara verdiyimiz ruzidən infaq edirlər.
(Bəqərə surəsi, 3)
Allah yolunda infaq edin! Öz əllərinizlə özünüzü təhlükəyə atmayın! Yaxşılıq edin! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.
(Bəqərə surəsi, 195)
Səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Malınızdan verəcəyiniz hər bir xeyir (sədəqə) ata-anaya, qohumlara, yetimlərə, miskinlərə və yolda qalanlara məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz hər bir xeyirli işi biləndir.
(Bəqərə surəsi, 215)
Səndən içki (huşlandıran maddələr) və qumar haqqında soruşurlar. De: “Onlarda həm böyük günah, həm də insanlar üçün müəyyən faydalar vardır. Günahları isə faydalarından daha böyükdür”. Bir də səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə bu cür bəyan edir ki, bəlkə, düşünəsiniz.
(Bəqərə surəsi, 219)
Ey iman edənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməzdən əvvəl sizə verdiyimiz ruzidən infaq edin! İnkar edənlər əsil zalımlardır.
(Bəqərə surəsi, 254)
Mallarını Allah yolunda infaq edənlərin halı, yeddi sünbül verib hər sünbülü də yüz ədəd dən verən bir toxumun halına bənzəyir. Allah dilədiyi kimsəyə qatbaqat artığını verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.
(Bəqərə surəsi, 261)
Mallarını Allah yolunda infaq edib sonra verdiklərinin arxasınca minnət qoymayan və əziyyət verməyənlərin mükafatları Rəbbi yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Bəqərə surəsi, 262)
Ey iman edənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah inkar edənlər qövmünü doğru yola yönəltməz.
(Bəqərə surəsi, 264)
Allahın rizasını qazanmaq və içlərindəkini (comərdliklərini) möhkəmləndirmək üçün mallarını infaq edənlərin halı, bir təpənin üstündəki bir bağın halına bənzəyir ki, ora bol yağış yağar və (o yağış nəticəsində) ikiqat meyvə verər. Ora bol yağış yağmasa belə, az bir şeh də (ona kifayət edər). Allah sizin nə etdiyinizi görür.
(Bəqərə surəsi, 265)
Ey iman edənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimiz yaxşısından (Allah yolunda) infaq edin! Və (sizə verildiyi təqdirdə) ancaq gözü yumulu alacağınız pis şeylərdən (Allah yolunda) infaq etmək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, şükrə layiqdir.
(Bəqərə surəsi, 267)
Allah yolunda hər nəyi infaq edər və ya fəda etsəniz, şübhəsiz ki, Allah onu bilir. Zalımların heç bir köməkçisi yoxdur.
(Bəqərə surəsi, 270)
Onları hidayətə çatdırmaq sənə aid deyil (Sənin vəzifən yalnız haqqı təbliğ etməkdir). Lakin Allah dilədiyi kimsəni hidayətə çatdırar. Malınızdan nə infaq etsəniz, özünüz üçündür. Siz yalnız Allahın rizasını qazanmaq üçün infaq edirsiniz. Malınızdan (Allah yolunda) nə infaq etsəniz, (əvəzi) sizə tam ödəniləcək və siz əsla haqsızlığa məruz qalmayacaqsınız.
(Bəqərə surəsi, 272)
(Verəcəyiniz sədəqələr,) özünü Allah yoluna həsr edən və buna görə də yer üzündə (qazanc üçün) hərəkət edə bilməyən yoxsullara məxsusdur. Həyalı olduqlarına görə bilməyənlər onları zəngin hesab edərlər. Onları üzlərindən tanıyarsan. Onlar insanlardan israrla bir şey istəməzlər. İnfaq etdiyiniz hər bir xeyri (sədəqəni) şübhəsiz ki, Allah bilir.
(Bəqərə surəsi, 273)
Mallarını gecə-gündüz, gizli-aşkar (yoxsullara) infaq edənlər üçün Rəbbi yanında mükafatları vardır. Onlar üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
(Bəqərə surəsi, 274)
Səbir edən, doğru olan, itaət edən, (malından yoxsullara) verən və sübh vaxtı bağışlanmaq diləyənlər üçündür.
(Ali İmran surəsi, 17)
Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir.
(Ali İmran surəsi, 92)
O (müttəqilər) ki, bolluqda da, qıtlıqda da infaq edər, qəzəblərini udar və insanları bağışlayarlar. Allah yaxşılıq edənləri sevər.
(Ali İmran surəsi, 134)
Allaha və axirət gününə iman etmədikləri halda mallarını insanlara göstəriş üçün infaq edənlərdir. Şeytan kimə yoldaşlıq edərsə, (bilsin ki,) o necə də pis bir yoldaşdır!
(Nisa surəsi, 38)
Əgər onlar Allaha və axirət gününə iman edib, Allahın onlara verdiyi ruzidən infaq etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları yaxşı tanıyır.
(Nisa surəsi, 39)
Yəhudilər: “Allahın əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışırlar. Allah isə fitnə-fəsad törədənləri sevməz.
(Maidə surəsi, 64)
Onlar namazı düzgün bir şəkildə qılar və verdiyimiz ruzidən infaq edərlər.
(Ənfal surəsi, 3)
Onlara (düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atları hazırlayın! Bunlarla, Allahın və sizin düşməninizi, həmçinin Allahın bilib sizin bilmədiyiniz başqa kimsələri qorxudarsınız. Allah yolunda nə xərcləsəniz, sizə tam olaraq ödənilər və siz heç bir haqsızlığa məruz qalmazsınız.
(Ənfal surəsi, 60)
De: “Malınızı istər könüllü, istərsə də könülsüz xərcləyin, (bu sədəqələr) sizdən qəbul olunmayacaqdır. Çünki siz fasiq (haqq yoldan çıxmış) bir tayfa oldunuz.
(Tövbə surəsi, 53)
Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız odur ki, onlar Allahı və elçisini inkar edərlər, namaza tənbəl-tənbəl gələrlər və mallarını (Allah yolunda) könülsüz xərcləyərlər.
(Tövbə surəsi, 54)
Allah və elçisi üçün (insanlara) öyüd-nəsihət verəcəkləri təqdirdə, acizlərə, xəstələrə, xərcləməyə bir şey tapa bilməyənlərə (döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə heç bir qınaq yoxdur. Allah bağışlayandır, rəhm edəndir.
(Tövbə surəsi, 91)
Minik təmin etməyin üçün sənin yanına gəldiklərində: “Sizi mindirməyə bir heyvan tapa bilmirəm”, - dediyin zaman xərcləyəcək bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönən kimsələrə də (günah və qınaq) yoxdur.
(Tövbə surəsi, 92)
Bədəvilərdən eləsi var ki, (Allah yolunda) xərclədiyini ziyan sayar və sizin başınıza bəlalar gəlməsini gözləyər. O pis bəla öz başlarına gəlsin! Allah hər şeyi eşidəndir, biləndir.
(Tövbə surəsi, 98)
Bədəvilərdən eləsi də var ki, Allaha və axirət gününə inanır, infaq etdiyini Allaha yaxın olmağa və elçinin duasını almağa vasitə sayır. Bilin ki, bu, onlar üçün Allaha yaxınlıq vasitəsidir. Allah onları rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Tövbə surəsi, 99)
Allah onların əməllərini ən gözəli ilə mükafatlandırsın deyə, az və ya çox onların infaq etdikləri hər bir şey və keçdikləri hər bir vadi, mütləq onlara savab olaraq yazılar.
(Tövbə surəsi, 121)
Onlar rəbbinin rizasını istəyərək səbir edər, namazı qılar, onlara verdiyimiz ruzidən gizli və aşkar (Allah yolunda) xərcləyər və pisliyi yaxşılıqla dəf edərlər. (Dünya) yurdunun (gözəl) aqibəti məhz onlarındır.
(Rad surəsi, 22)
İman edən bəndələrimə de: “Nə bir alış-verişin, nə də bir dostluğun olacağı gün gəlmədən əvvəl namaz qılsınlar və onlara verdiyimiz ruzidən gizli və aşkar infaq etsinlər!”
(İbrahim surəsi, 31)
Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qul və verdiyimiz gözəl ruzidən həm gizli, həm də aşkar infaq edən (azad) bir kimsəni misal gətirdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur. Lakin onların əksəriyyəti bunu bilməz.
(Nəhl surəsi, 75)
O kəslər ki, Allah anıldığı zaman onların qəlbi titrəyər, başlarına gələn müsibətlərə səbir edər, namazı qılar və onlara verdiyimiz ruzidən infaq edərlər.
(Həcc surəsi, 35)
Onlara səbirli olmaları, pisliyi yaxşılıqla dəf etmələri və verdiyimiz ruzidən infaq etmələri səbəbilə mükafatları iki dəfə veriləcəkdir.
(Qəsas surəsi, 54)
Onlar qorxu və ümid içində Rəbbinə dua etmək üçün yataqdan qalxar və onlara verdiyimiz ruzidən infaq edərlər.
(Səcdə surəsi, 16)
De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, istədiyinin ruzisini də azaldar. Siz nə infaq etsəniz, Allah onun yerinə başqasını verər. O, ruzi verənlərin ən xeyirlisidir”.
(Səba surəsi, 39)
Həqiqətən, Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər əsla zərər etməyən bir qazanc uma bilərlər.
(Fatir surəsi, 29)
Onlara: “Allahın sizə verdiyi ruzidən infaq edin!” – deyildikdə inkar edənlər möminlərə: “Allahın istədiyi təqdirdə yedirdə biləcəyi kimsəni bizmi yedirdəcəyik? Siz tamamilə zəlalət içindəsiniz”, - dedilər.
(Yasin surəsi, 47)
Onlar Rəbbinin dəvətini qəbul edər, namazı qılar, öz aralarındakı işlərdə məşvərət edər və onlara verdiyimiz ruzidən infaq edərlər.
(Şura surəsi, 38)
Budur, siz Allah yolunda infaq etməyə dəvət olunursunuz. Ancaq içinizdə xəsislik edənlər var. Kim xəsislik edərsə, ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah zəngindir, siz isə yoxsulsunuz. Əgər (haqdan) üz döndərsəniz, O sizin yerinizə başqalarını gətirər. Onlar isə sizin kimi olmazlar.
(Məhəmməd surəsi, 38)
Allaha və Onun elçisinə iman edin! Sizin ixtiyarınıza verdiklərindən infaq edin! Sizdən iman edib infaq edən kimsələr üçün böyük bir mükafat vardır.
(Hədid surəsi, 7)
Göylərin və yerin mirası Allaha məxsus olduğu halda, siz nə üçün Allah yolunda infaq etmirsiniz? Aranızdan (Məkkənin) fəthindən əvvəl infaq edən və döyüşənlər (digərləri ilə) eyni deyillər. Onların dərəcəsi (Məkkənin fəthindən) sonra infaq edən və döyüşənlərdən daha böyükdür. Allah onların hamısına ən gözəl olanı (cənnəti) vəd etmişdir. Allah sizin etdiklərinizdən xəbərdardır.
(Hədid surəsi, 10)
Onlar: “Elçinin yanında olanlara heç bir şey verməyin ki, dağılıb getsinlər!” - deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur. Lakin münafiqlər bunu anlamazlar.
(Münafiqun surəsi, 7)
Sizdən birinizin ölümü gəlib çatmazdan əvvəl sizə verdiyimiz ruzidən infaq edin ki, sonra o: “Ey Rəbbim! Kaş yaxın bir vaxta qədər məni (ölümümü) təxirə salaydın. Beləcə, mən də sədəqə verər və salehlərdən olardım!” - deməsin.
(Münafiqun surəsi, 10)
Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin və öz xeyriniz üçün infaq edin! Nəfsinin xəsisliyindən qorunanlar əsil nicat tapanlardır.
(Təğabun surəsi, 16
)