Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Vaxtilə Musa öz qövmünə: “Allah sizə bir inək kəsməyinizi əmr edir!” - demişdi. Onlar: “Bizi məsxərəyəmi qoyursan?” - dedilər. Musa: “Cahillərdən olmaqdan Allaha sığınıram!” - dedi.
(Bəqərə surəsi, 67)
Onlar isə belə dedilər: “Bizim üçün Rəbbinə dua et (soruş) ki, onun nə oduğunu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan bir inəkdir. Bu ikisinin arasında bir düyədir. Sizə əmr olunanı yerinə yetirin!”
(Bəqərə surəsi, 68)
Onlar: “Bizim üçün Rəbbinə dua et (soruş) ki, onun rəngini bizə bildirsin!” - dedilər. Musa dedi: “Allah buyurur ki, o, tünd sarı rəngli və baxanlara xoş gələn bir inəkdir”.
(Bəqərə surəsi, 69)
Onlar belə dedilər: “Bizim üçün Rəbbinə dua et (soruş) ki, onun nə cür olduğunu bizə yaxşı-yaxşı izah etsin! Çünki biz inəkləri bir-birinə bənzədirik. Əgər Allah diləsə, əlbəttə, biz doğru yolu taparıq”.
(Bəqərə surəsi, 70)
Musa dedi: “Allah buyurur ki, o, boyunduruq götürməyən, yer sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz bir inəkdir”. (Bu zaman) onlar: “İndi həqiqəti söylədin”, - dedilər. Beləcə, onu (inəyi tapıb) kəsdilər. Az qala bunu etməyəcəkdilər.
(Bəqərə surəsi, 71)
Dəvədən də iki dənə, inəkdən də iki dənə (yaratmışdır). De: “(Allah bunların) iki erkəyinimi, iki dişisinimi, yoxsa iki dişinin bətnində olan balalarınımı haram etmişdir? Yoxsa Allahın bunu sizə tövsiyə etdiyinə şahidmi oldunuz?” Elmi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, Allah zalım qövmü doğru yola yönəltməz.
(Ənam surəsi, 144)
Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Bellərində və ya bağırsaqlarında daşıdıqları, yaxud sümüklərinə qarışan istisna olmaqla, inək və qoyunun piylərini də onlara haram etdik. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz doğru söyləyirik.
(Ənam surəsi, 146)
Kral: “Mən (yuxuda) gördüm ki, yeddi arıq inək yeddi kök inəyi yeyir. Bir də yeddi yaşıl sünbül və yeddi quru sünbül gördüm. Ey əyanlar, əgər yuxu yozursunuzsa, mənim yuxumu da yozun!” - dedi.
(Yusif surəsi, 43)
Onlar dedilər: “Bunlar qarmaqarışıq yuxulardır. Biz belə yuxuların yozumunu bilmirik”.
(Yusif surəsi, 44)
(Yusiflə birlikdə zindana düşən) o ikisindən xilas olanı bir müddət sonra (Yusifi) xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Dərhal məni (Yusifin olduğu zindana) göndərin!”
(Yusif surəsi, 45)
(O, Yusifin yanına gəlib dedi:) “Yusif! Ey doğru danışan, bizim üçün (yuxuda görülən) yeddi arıq inəyin yediyi yeddi kök inəklə yeddi yaşıl sünbül və yeddi quru sünbülü yoz! Ola bilsin ki, adamların yanına (doğru bir yozumla) qayıdaram və bəlkə, onlar da (həqiqəti) bilərlər”.
(Yusif surəsi, 46)