Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Ey İsrail oğulları!) Vaxtilə sizə ağır işgəncələr verən, oğlan uşaqlarınızı kəsərək öldürüb qadınlarınızı sağ buraxan Firon əhlinin əlindən sizi xilas etmişdik. Bu, sizin üçün Rəbbiniz tərəfindən böyük bir imtahan idi.
(Bəqərə surəsi, 49)
Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver!
(Bəqərə surəsi, 155)
Talut qoşunu ilə (döyüş üçün) yola çıxdığı zaman belə dedi: “Şübhəsiz, Allah sizi (axar) bir çayla sınağa çəkəcək. Kim ondan içərsə, o məndən deyildir. Əli ilə bir ovuc içən kimsə istisna olmaqla, kim ondan dadmazsa, o məndəndir!” Onlardan az bir qismi istisna olmaqla, hamısı ondan içdilər. Talut və yanındakı möminlər çayı keçdikdən sonra: “Bu gün Calut və onun qoşununa qarşı bizim gücümüz yoxdur”, - dedilər. Allaha qovuşacaqlarına inananlar isə belə dedilər: “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir!”
(Bəqərə surəsi, 249)
Şübhəsiz, siz mal-mülkünüzlə və canlarınızla imtahan ediləcəksiniz. Həqiqətən, sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətli (sözlər) eşidəcəksiniz. Əgər səbir edib (Allahdan) qorxsanız, əlbəttə, bu, əzmkarlıq tələb edən (dəyərli) işlərdəndir.
(Ali İmran surəsi, 186)
Vaxtilə sizə əzabın ən şiddətlisini verən Firon əhlindən sizi xilas etdik. Onlar sizin oğlanlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən (sizin üçün) böyük bir imtahan vardı.
(Əraf surəsi, 141)
Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf gəlir, şənbə günündən başqa günlər isə gəlmirdilər. Günah işlədiklərinə görə onları bu şəkildə imtahana çəkirdik.
(Əraf surəsi, 163)
Onları (İsrail oğullarını) yer üzündə tayfalara ayırdıq. Onlardan əməlisaleh olanlar da, olmayanlar da vardı. Bəlkə, (haqq yola) qayıdarlar deyə onları yaxşılıq və pisliklərlə imtahan etdik.
(Əraf surəsi, 168)
(Döyüşdə) Onları siz öldürmədiniz, lakin Allah onları öldürdü. Atdığın zaman sən atmadın, lakin Allah atdı. Allah bunu, möminləri yaxşı bir imtahanla sınamaq üçün etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir.
(Ənfal surəsi, 17)
Orada hər kəs keçmişdə etdiyi əməlləri yoxlayıb görəcək. Onlar həqiqi sahibləri olan Allahın hüzuruna qaytarılacaqlar. Uydurub düzəltdikləri (bütlər) isə onlardan uzaqlaşıb yox olacaq.
(Yunis surəsi, 30)
O zaman Musa öz qövmünə belə demişdi: “Allahın sizə olan nemətini xatırlayın! Çünki O, sizə şiddətli işgəncə verən və (yeni doğulan) uşaqlarınızı öldürüb qadınlarınızı sağ buraxan Firon ailəsindən sizi xilas etdi. (Bütün) bunlarda Rəbbinizdən sizin üçün böyük bir imtahan vardır”.
(İbrahim surəsi, 6)
Bir tayfa digər tayfadan (sayca və güc baxımından) daha çox olduğu üçün andlarınızı aranızda bir fitnə vasitəsinə çevirərək, ipliyi möhkəm əyirdikdən sonra açıb sökən qadın kimi olmayın! Allah bununla yalnız sizi imtahan edir. Şübhəsiz ki, O, ixtilafda olduğunuz məsələləri qiyamət günü sizə bəyan edəcəkdir.
(Nəhl surəsi, 92)
Hər can ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz Bizə qaytarılacaqsınız.
(Ənbiya surəsi, 35)
İnsanlar imtahana çəkilmədən yalnız: “İman etdik!” - deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər?
(Ənkəbut surəsi, 2)
Şübhəsiz ki, Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Allah doğru söyləyənləri də, yalançıları da, əlbəttə, bilir.
(Ənkəbut surəsi, 3)
Orada möminlər sınağa çəkilmiş və şiddətlə sarsılmışdılar.
(Əhzab surəsi, 11)
Şübhəsiz ki, bu, açıq-aydın bir sınaqdır.
(Saffat surəsi, 106)
Davud dedi: “Şübhəsiz ki, o, sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə sənə haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin bir çoxu bir-birinə haqsızlıq edir. Ancaq iman edib yaxşı işlər görənlər bundan istisnadır. Onlar da çox azdırlar”. Davud Bizim onu sınağa çəkdiyimizi düşündü. Buna görə də dərhal səcdəyə qapanaraq Rəbbindən bağışlanmasını dilədi və tövbə etdi.
(Sad surəsi, 24)
Həqiqətən, Biz Süleymanı sınağa çəkmişdik. Taxtının üstünə bir cəsəd qoyduq. Sonra o əvvəlki halına qayıtdı.
(Sad surəsi, 34)
Onlara içində açıq-aydın imtahan olan möcüzələr verdik.
(Duxan surəsi, 33)
Həqiqətən, içinizdən cihad edənləri və səbir edənləri ortaya çıxarana qədər sizi sınayacaq və haqqınızdakı xəbərləri yoxlayacağıq.
(Məhəmməd surəsi, 31)
Şübhəsiz, Allah Rəsulunun yanında astadan danışanlar Allahın qəlbini təqva üçün sınağa çəkdiyi kimsələrdir. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır.
(Hucurat surəsi, 3)
Ey iman edənlər! Mömin qadınlar hicrət edərək sizin tərəfinizə keçdiklərində dərhal onları sınağa çəkin! Allah onların imanlarını daha yaxşı bilir. Əgər onların həqiqətən, mömin olduqlarını yəqinliklə bilsəniz, onları inkar edənlərə geri verməyin! Nə bunlar onlara (inkar edənlərə) halaldır, nə də onlar (inkar edənlər) bunlara halaldır. Onların (inkar edənlərin) xərclədiklərini (verdikləri mehrləri) özlərinə qaytarın! Mehrlərini verdiyiniz zaman onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. İnkar edən qadınları nikahınız altında saxlamayın! (Onlar üçün) xərclədiyinizi (verdiyiniz mehrləri) geri istəyin! Onlar (inkar edənlər) da xərclədiklərini (verdikləri mehrləri) geri istəsinlər. Bu, Allahın sizin üçün qoyduğu hökmdür. O, aranızda hökm verər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Mumtəhənə surəsi, 10
)