Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Həqiqətən, Səfa və Mərvə təpələri Allahın nişanələrindəndir. Kim Allahın evinə həccə, yaxud ümrəyə gedərsə, onları təvaf etməsində ona heç bir günah yoxdur. Kim də könüllü olaraq yaxşı bir iş görərsə, şübhəsiz ki, Allah şükrün əvəzini verəndir, hər şeyi biləndir.
(Bəqərə surəsi, 158)
Həcc və ümrəni Allah üçün tam yerinə yetirin! Əgər qarşınıza bir maneə çıxarsa, sizə asan başa gələn bir qurbanlıq göndərin! Qurbanlıq öz yerinə çatana qədər başlarınızı qırxdırmayın! Sizdən kim xəstə olar, yaxud başındakı bir narahatçılığa görə əziyyət çəkərsə, fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneələrdən) əmin olduğunuz təqdirdə, kim həccə qədər ümrədən istifadə edərsə, asan başa gələn bir qurban kəssin! Kim qurbanlıq tapmazsa, əvəzində həcdə üç gün və qayıtdıqdan sonra yeddi gün oruc tutmalıdır. Bu, tam on gündür. Bu, ailəsi Məscidi-haram ətrafında yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
(Bəqərə surəsi, 196
)