Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et və nəslimizdən də Sənə təslim olan bir ümmət çıxart! Bizə (həcc üçün) ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən.
(Bəqərə surəsi, 128)
Onlar gəlib keçmiş bir ümmət idi. Onların qazandıqları özlərinə, sizin qazandıqlarınız da sizə aiddir. Siz onların gördüyü işlərdən hesaba çəkilməyəcəksiniz.
(Bəqərə surəsi, 134)
Onlar gəlib keçmiş bir ümmət idi. Onların qazandıqları özlərinə, sizin qazandıqlarınız isə sizə aiddir. Siz onların gördüyü işlərdən hesaba çəkilməyəcəksiniz.
(Bəqərə surəsi, 141)
Beləliklə, sizi insanlara şahid olasınız və elçi də sizə şahid olsun deyə orta (mötədil) bir ümmət etdik. Sənin yönəldiyin qibləni (Kəbəni) yalnız ona görə təyin etdik ki, elçiyə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayıraq. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqasına ağır gələr. Allah sizin imanınızı əsla puça çıxartmaz. Şübhəsiz ki, Allah insanlara qarşı şəfqətlidir, mərhəmətlidir.
(Bəqərə surəsi, 143)
İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və xəbərdarlıq edən elçilər göndərdi. Onlarla birlikdə haqq olaraq kitabı da nazil etdi ki, ixtilafa düşdükləri məsələlərdə insanlar arasında hökm versin. Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra aralarındakı kin ucbatından ixtilafa düşənlər kitab verilənlərdən başqası deyildi. Allah Öz izni ilə iman edənləri, onların (əhli-kitabın) ixtilafda olduqları həqiqətə yönəltdi. Allah dilədiyi kimsəni doğru yola yönəldər.
(Bəqərə surəsi, 213)
Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edib pis əməlləri qadağan edirsiniz və Allaha inanırsınız. Əgər kitab əhli də iman etsəydi, əlbəttə, bu onlar üçün daha yaxşı olardı. Onların içərisində iman edənlər olsa da, əksəriyyəti haqq yoldan azmış kimsələrdir.
(Ali İmran surəsi, 110)
Hər ümmətdən bir şahid gətirdiyimiz və səni də onlara şahid gətirdiyimiz zaman (onların halı) necə olacaq?!
(Nisa surəsi, 41)
Sənə də, özündən əvvəlki kitabı təsdiqləmək və onu qorumaq üzrə haqq olaraq Kitabı (Quranı) nazil etdik. Onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm ver və sənə gələn haqqı qoyub onların arzularına uyma! Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin O, verdikləri ilə sizi imtahan etmək üçün (belə etdi). Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın! Hamınızın dönüşü Allahadır. O, ixtilafa düşdüyünüz şeylər barəsində sizə xəbər verəcəkdir.
(Maidə surəsi, 48)
Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə (Qurana) əməl etsəydilər, üstlərində və ayaqları altında olanlardan (yerüstü və yeraltı sərvətlərdən) yeyərdilər. Onların içində mötədil (orta yolu tutan) bir camaat da var. Ancaq onlardan çoxunun gördüyü işlər necə də pisdir!
(Maidə surəsi, 66)
Yer üzündəki heyvanlar da, qanadları ilə uçan quşlar da ancaq və ancaq sizin kimi ümmətlərdir. Biz kitabda (Quranda) heç bir şeyi əskik qoymadıq. Sonra (onların hamısı) Rəbbinin hüzuruna yığılacaqlar.
(Ənam surəsi, 38)
Həqiqətən, səndən əvvəlki ümmətlərə də elçilər göndərdik, (Allaha) boyun əysinlər deyə onları kasıblığa və xəstəliyə düçar etdik.
(Ənam surəsi, 42)
Allahdan başqasına dua edənlərə (sitayiş edənlərə) söyməyin! Yoxsa onlar da, bilmədən düşməncəsinə Allaha söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini cazibəli göstərdik. Sonra onların qayıdışı Rəbbinin hüzurunadır. O (Allah), etdikləri əməlləri onlara xəbər verəcəkdir.
(Ənam surəsi, 108)
Hər bir ümmətin bir əcəli (müddəti) vardır. Onların əcəli gəlib çatdığı zaman nə bir an geri qalar, nə də irəli keçə bilərlər”.
(Əraf surəsi, 34)
Allah buyuracaq: “Sizdən əvvəl gəlib-keçmiş cin və insan tayfalarının arasında siz də cəhənnəmə girin!” Hər tayfa girdikcə yoldaşlarına lənət oxuyacaqlar. Nəhayət, hamısı bir-biri ardınca orada toplandığı zaman sonradan gələnlər, daha əvvəl gələnlər barəsində: “Ey Rəbbimiz! Bizi bunlar sapdırdı. Ona görə də onlara ikiqat cəhənnəm əzabı ver!” - deyəcəklər. (Allah da): “Hər kəs üçün ikiqatı (əzab) vardır, lakin siz bilmirsiniz”, - deyəcəkdir.
(Əraf surəsi, 38)
Yaratdıqlarımız içində elə bir zümrə də var ki, onlar haqq yola yönəldir və onun sayəsində ədalətli davranırlar.
(Əraf surəsi, 181)
İnsanlar tək bir ümmət idilər. Sonra isə ixtilafa düşüb ayrıldılar. Əgər Rəbbindən (əzabın gecikdirilməsinə dair) bir söz olmasaydı, ixtilafa düşdükləri məsələlər haqqında aralarında mütləq hökm verilərdi.
(Yunis surəsi, 19)
Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldiyi zaman onların aralarında ədalətlə hökm olunar və onlara heç bir haqsızlıq edilməz.
(Yunis surəsi, 47)
De ki: “Allahın istədiyi istisna olmaqla, mən özümə belə nə bir zərər, nə də bir xeyir verə bilərəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəlib çatan zaman nə bir an geri qala bilər, nə də irəli keçə bilərlər”.
(Yunis surəsi, 49)
(Allah tərəfindən) deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə gəmidən en! Dünyada dolanışıq verəcəyimiz, sonra da tərəfimizdən şiddətli bir əzabın toxunacağı ümmətlər də olacaqdır”.
(Hud surəsi, 48)
Əgər Rəbbin diləsəydi, insanları tək bir ümmət (millət) edərdi. Onlar hələ də (din barəsində) ixtilafdadırlar.
(Hud surəsi, 118)
(Ey elçi!) Beləcə, səni özlərindən əvvəl neçə-neçə ümmətlərin gəlib keçdiyi bir ümmətə elçi göndərdik ki, sənə vəhy etdiyimizi (Quranı) onlara oxuyasan. Ancaq onlar Rəhmanı inkar edirlər. De ki: “O mənim Rəbbimdir. Ondan başqa heç bir ilah yoxdur. Mən Ona təvəkkül etmişəm. Tövbəm də Onadır!”
(Rad surəsi, 30)
Heç bir millət öz əcəlini nə tezləşdirə bilər, nə də gecikdirə bilər.
(Hicr surəsi, 5)
Şübhəsiz, Biz hər bir ümmətə: “Allaha ibadət edin və Tağutdan (bütlərdən) uzaq durun!” - deyə (əmr etmələri üçün) elçi göndərdik. Allah onlardan bir qismini doğru yola yönəltmişdir. Onlardan bir qisminin də zəlalətdə qalması vacib olmuşdur. Ona görə də yer üzündə dolaşın və (elçiləri) yalanlayanların aqibətinin necə olduğunu görün!
(Nəhl surəsi, 36)
Allaha and olsun ki, səndən əvvəlki ümmətlərə də elçilər göndərdik. Ancaq şeytan onlara (o ümmətlərə) öz əməllərini gözəl göstərdi. Ona görə də şeytan bu gün onların dostudur. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
(Nəhl surəsi, 63)
O gün hər ümmətdən bir şahid gətirəcəyik. Sonra inkar edənlərə (üzr istəmələri üçün) nə icazə veriləcək, nə də onlardan üzr istəmələri tələb olunacaqdır.
(Nəhl surəsi, 84)
O gün hər bir ümmətə, öz içlərindən bir şahid göndərəcəyik. Səni də bunlara şahid gətirəcəyik. Kitabı sənə, hər şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə olaraq nazil etdik.
(Nəhl surəsi, 89)
Bir tayfa digər tayfadan (sayca və güc baxımından) daha çox olduğu üçün andlarınızı aranızda bir fitnə vasitəsinə çevirərək, ipliyi möhkəm əyirdikdən sonra açıb sökən qadın kimi olmayın! Allah bununla yalnız sizi imtahan edir. Şübhəsiz ki, O, ixtilafda olduğunuz məsələləri qiyamət günü sizə bəyan edəcəkdir.
(Nəhl surəsi, 92)
Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Ancaq O, istədiyini zəlalətə salar, istədiyini isə doğru yola yönəldər. Şübhəsiz ki, siz etdiyiniz əməllərdən sorğu-sual olunacaqsınız.
(Nəhl surəsi, 93)
Həqiqətən, İbrahim Allaha itaət edən və haqqa yönələn bir öndər idi. O, müşriklərdən də deyildi.
(Nəhl surəsi, 120)
Həqiqətən, sizin bu dininiz tək bir dindir. Mən də sizin Rəbbinizəm. Ona görə də yalnız Mənə ibadət edin!
(Ənbiya surəsi, 92)
Biz hər bir ümmətə ruzi olaraq verdiyimiz heyvanların üstündə Allahın adını çəksinlər deyə qurban kəsməyi vacib etdik. Sizin ilahınız tək olan ilahdır. Elə isə Ona təslim olun! (Ey elçi!) İxlaslı və təvazökar olanlara müjdə ver!
(Həcc surəsi, 34)
Biz hər bir ümmət üçün əməl edəcəkləri bir şəriət müəyyən etdik. Ona görə də bu məsələdə səninlə mübahisə etməsinlər. Sən (insanları) Rəbbinə dəvət et! Həqiqətən, sən doğru yoldasan.
(Həcc surəsi, 67)
Heç bir ümmət öz əcəlini nə qabağa çəkə bilər, nə də təxirə sala bilər.
(Muminun surəsi, 43)
Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə bir ümmətə elçisi gəldiyi zaman onu yalanladılar. Biz də onları bir-birinin ardınca məhv edib ibrətamiz hadisələrə çevirdik. İman etməyən bir qövm (Allahın mərhəmətindən) uzaq olsun!
(Muminun surəsi, 44)
Şübhəsiz ki, sizin bu dininiz tək bir dindir. Mən də sizin Rəbbinizəm. Ona görə də məndən çəkinin!
(Muminun surəsi, 52)
O gün hər ümmətdən ayələrimizi yalanlayan bir dəstəni bir yerə toplayacağıq və onlar (haq-hesab yerinə) göndəriləcəklər.
(Nəml surəsi, 83)
Biz hər ümmətdən bir şahid (elçi) çıxardacaq və (inkar edənlərə): “Dəlilinizi gətirin!” - deyəcəyik. O zaman onlar biləcəklər ki, haqq Allaha aiddir və uydurduqları (bütlər) onlardan uzaqlaşıb yoxa çıxacaqdır.
(Qəsas surəsi, 75)
Əgər (sizə gələn haqqı) yalanlasanız, bilin ki, sizdən əvvəlki ümmətlər də (özlərinə gələn haqqı) yalanlamışdılar. Elçinin vəzifəsi yalnız açıq-aydın təbliğ etməkdir.
(Ənkəbut surəsi, 18)
Həqiqətən, Biz səni müjdəçi və xəbərdar edən bir elçi olaraq haqq ilə göndərdik. Elə bir ümmət yoxdur ki, onlara xəbərdar edən bir elçi gəlməmiş olsun.
(Fatir surəsi, 24)
Onlar özlərinə xəbərdar edən bir elçi gəldiyi təqdirdə, hər hansı millətdən daha çox doğru yolda olacaqlarına dair var gücləri ilə Allaha and içmişdilər. Onlara xəbərdar edən bir elçi gəldikdə isə bu onları ancaq haqdan uzaqlaşdırdı.
(Fatir surəsi, 42)
Onlardan əvvəl Nuh qövmü və onlardan sonrakı tayfalar da (elçiləri) təkzib etmişdilər. Hər ümmət öz elçisini tutub öldürməyə çalışmış və batil vasitəsilə haqqı yox etməyə cəhd etmişdi. Buna görə də Mən onları (əzabla) yaxaladım. Mənim cəzalandırmağım necə idi?!
(Mömin surəsi, 5)
Biz onlara müəyyən dostlar caladıq, onlar da önlərində və arxalarında nə varsa, hamısını bunlara gözəl göstərdilər. Onlardan əvvəl gəlib-getmiş cinlər və insanlardan olan ümmətlər barəsindəki söz (əzab) onlara da vacib oldu. Həqiqətən, onlar ziyana düşdülər.
(Fussilət surəsi, 25)
Əgər Allah istəsəydi, onları yalnız bir ümmət (millət) edərdi. Ancaq O, istədiyi kimsəyə Öz mərhəmətini bəxş edər. Zalımların isə nə bir dostu, nə də bir köməkçisi olacaq.
(Şura surəsi, 8)
Xeyr! Onlar: “Biz atalarımızın bir din üzərində olduqlarını gördük. Biz də onların izindən gedirik”, - deyirlər.
(Zuxruf surəsi, 22)
Səndən əvvəl də hansı məmləkətə xəbərdarlıq edən bir elçi göndərmişiksə, oranın zəngin sakinləri yalnız: “Biz atalarımızın bir din üzərində olduqlarını gördük. Biz də onların izindən gedirik”, - dedilər.
(Zuxruf surəsi, 23)
Əgər insanların (inkar edənlərə rəğbət göstərən) bir ümmət olmaları (təhlükəsi) olmasaydı, yalnız Rəhman olan Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları gümüşdən edərdik.
(Zuxruf surəsi, 33)
Hər ümməti diz çökmüş bir vəziyyətdə görərsən. Hər ümmət öz əməl dəftərinə tərəf çağırılar. (Onlara belə deyilər:) “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir!
(Casiyə surəsi, 28)
Onlar özlərindən əvvəl gəlib-keçmiş cinlərdən və insanlardan ibarət millətlər arasında haqlarında əzab sözü vacib olmuş kimsələrdir. Onlar, həqiqətən, ziyana uğrayanlardır.
(Əhqaf surəsi, 18
)