Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Uşaqlarının tam əmizdirilməsini istəyənlər (atalar) üçün analar uşaqlarını tam iki il əmizdirsinlər. Onların (anaların) yeməyi və geyimi adətə görə (uşağın) atasının üzərinə düşür. Heç kim gücünün çatmadığından məsul tutulmaz. Nə ana, nə də ata uşağına görə zərər çəkməlidir! Eyni məsuliyyət varisin üzərinə də düşür. Əgər ata və ana öz aralarında məsləhətləşərək razılığa gəlib uşağı süddən kəsmək istəsələr, heç birinə günah yoxdur. Əgər uşaqlarınızı süd anasına əmizdirmək istəsəniz və verəcəyinizi (zəhmət haqqını) adətə müvafiq ödəsəniz, sizə heç bir günah yoxdur. Allahdan qorxun və bilin ki, Allah etdiyiniz əməlləri görəndir.
(Bəqərə surəsi, 233)
Şübhəsiz ki, inkar edənlərə nə malları, nə də övladları Allahın hüzurunda bir fayda verəcək. Onlar cəhənnəmin yanacağıdırlar.
(Ali İmran surəsi, 10)
Şübhəsiz, səfehlikləri üzündən bilmədən öz uşaqlarını öldürən və Allaha iftira yaxaraq Allahın onlara verdiyi ruzini (qadınlara) haram edənlər ziyana uğramışlar. Onlar, həqiqətən, azmışlar və doğru yolda deyillər.
(Ənam surəsi, 140)
De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin! Yoxsulluq qorxusu ilə övladlarınızı öldürməyin! Sizin də, onların da ruzisini Biz veririk. Pis işlərin açıq olanına da, gizli qalanına da yaxın durmayın! Allahın haram buyurduğu cana haqsız yerə qıymayın! Bunlar, (Allahın) sizə əmrləridir. Ola bilsin ki, siz düşünüb anlayasınız.
(Ənam surəsi, 151)
Bilin ki, mal-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Ən böyük mükafat isə Allah yanındadır.
(Ənfal surəsi, 28)
Kasıblıq qorxusu ilə övladlarınızı öldürməyin! Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır.
(İsra surəsi, 31)
Mal-mülk və övladlar dünya həyatının zinətidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid bağlamaq etibarilə daha xeyirlidir.
(Kəhf surəsi, 46)
Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini yaradar. O, istədiyinə qız, istədiyinə də oğlan uşağı verər.
(Şura surəsi, 49)
Yaxud onlara oğlan və qız uşağı olmaqla hər ikisindən verər. İstədiyini də sonsuz edər. Şübhəsiz ki, O, hər şeyi biləndir, hər şeyə qadirdir.
(Şura surəsi, 50)
Möminlərin özlərindən sonra iman edən nəsillərini də onların yanına (cənnətə) qoyacağıq. Onların əməllərindən heç bir şeyi əskiltməyəcəyik. Hər kəs qazandığının (öz əməlinin) girovudur.
(Tur surəsi, 21)
Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri inkar edənlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir.
(Hədid surəsi, 20)
Ey elçi! Mömin qadınlar heç bir şeyi Allaha şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, özlərindən uydurduqları bir böhtanla gəlməyəcəklərinə (başqa kişilərdən olan uşaqlarını yalandan öz ərlərinə isnad etməyəcəklərinə) və yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəlsələr, onların beyətlərini qəbul et və Allahdan onların bağışlanmasını dilə! Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Mumtəhənə surəsi, 12)
Ey iman edənlər, mallarınız və övladlarınız sizi Allahı anmaqdan yayındırmasın! Kim bunu edərsə, onlar əsil ziyana uğrayanlardır.
(Münafiqun surəsi, 9)
Şübhəsiz ki, mallarınız və övladlarınız bir sınaqdır. Böyük mükafat Allah dərgahındadır.
(Təğabun surəsi, 15)
Onları gücünüz çatdığı qədər yaşadığınız yerin (evinizin) bir hissəsində məskunlaşdırın və sıxışdırmaq (evdən çıxarmaq) məqsədilə onlara zərər verməyin! Əgər onlar hamilədirlərsə, uşağı dünyaya gətirənə qədər onların dolanışığını təmin edin! Sizin üçün uşaq əmizdirərlərsə, onlara ücrətlərini verin və aranızda gözəl bir şəkildə razılaşın! Əgər (razılaşmaqda) çətinliyə düşsəniz, uşağı başqa bir qadın əmizdirə bilər.
(Talaq surəsi, 6
)