Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Yaxud (onların halı) göydən yağan, içində qaranlıqlar, göy gurultusu və şimşək olan yağışa (tutulmuş kimsələrin halına) bənzəyir. Onlar ildırımın səsindən ölüm qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah (elmi və qüdrəti ilə) inkar edənləri əhatələmişdir.
(Bəqərə surəsi, 19)
Ölümünüzdən sonra sizi yenidən diriltdik ki, bəlkə şükür edəsiniz.
(Bəqərə surəsi, 56)
De: “Əgər Allah yanındakı axirət yurdu (cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və doğru deyirsinizsə, onda ölümü arzulayın!”
(Bəqərə surəsi, 94)
Onlar etdikləri əməllərə (qazandıqları günahlara) görə ölümü əsla arzulamazlar. Allah zalımları çox yaxşı tanıyır.
(Bəqərə surəsi, 95)
İbrahim bunu övladlarına vəsiyyət etdi və Yaqub da belə bir vəsiyyət edərək dedi: “Övladlarım, şübhəsiz ki, Allah sizin üçün bu dini seçdi, siz ancaq müsəlman olaraq can verin.”
(Bəqərə surəsi, 133)
Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə yüklənərək dənizlərdə üzən gəmilərdə, torpaq öldükdən (bitkilər quruduqdan) sonra Allahın göydən endirib onunla (bitkiləri) canlandırdığı suda, hər növdən heyvanları orada yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda düşünənlər üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Bəqərə surəsi, 164)
Sizdən birinizə ölüm gəldiyi zaman bir xeyir (mal-mülk) qoyub gedəcəksə, valideynlərə və yaxın qohumlara adətə uyğun bir şəkildə vəsiyyət etməsi fərz edildi. Bu, təqva sahiblərinin borcudur.
(Bəqərə surəsi, 180)
Sayları minlərlə olduğu halda ölüm qorxusu ilə öz yurdlarından çıxıb gedənləri görmədinmi?! Allah onlara: “Ölün!” - dedi. Sonra onları diriltdi. Həqiqətən, Allah insanlara qarşı lütüfkardır, lakin insanların çoxu şükür etməz.
(Bəqərə surəsi, 243)
Yaxud xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (Üzeyir əleyhissalamın xəbərini eşitmədinmi)? O demişdi: “Allah buranı ölümündən sonra necə dirildəcək?” Beləcə, Allah onu yüz illiyinə öldürdü. Sonra onu diriltdi və: “Nə qədər (yatıb) qaldın?” - dedi. O dedi: “Bir gün, yaxud bir gündən də az qaldım”. (Allah ona) dedi: “Əksinə, yüz il qalmısan. Yeməyinə və suyuna bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax (ölüb və sadəcə sümükləri qalıb)! Səni insanlar üçün ibrət dərsi etmək məqsədilə (belə etdik). (Uzunqulağın) sümüklərinə bax, gör onları necə birləşdirir, sonra da onları ətlə örtürük!” Ona (hər şey) aydın olan zaman: “İndi yaxşı bilirəm ki, Allah hər şeyə qadirdir!” – dedi.
(Bəqərə surəsi, 259)
Həqiqətən, siz ölümlə qarşılaşmadan əvvəl onu arzulayırdınız. Artıq onu əyani şəkildə gördünüz.
(Ali İmran surəsi, 143)
(Evlərində) oturub qardaşları barəsində: “Əgər bizə tabe olsaydılar, öldürülməzdilər”, - deyənlərə de ki: “Onda, əgər doğru deyirsinizsə, ölümü özünüzdən uzaqlaşdırın!”
(Ali İmran surəsi, 168)
Hər bir can (hər kəs) ölümü dadacaqdır. Şübhəsiz ki, qiyamət günü əməllərinizin qarşılığı sizə tam olaraq veriləcəkdir. Kim oddan (cəhənnəmdən) uzaqlaşdırılıb, cənnətə daxil edilərsə, o xilas olmuşdur. Dünya həyatı isə aldadıcı faydadan (həzz və əyləncədən) başqa bir şey deyildir.
(Ali İmran surəsi, 185)
Qadınlarınızdan çirkin iş (homoseksuallıq) edənlərə qarşı özünüzdən dörd şahid gətirin. Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək və yaxud Allah onlar üçün bir yol açanadək evlərindən bayıra buraxmayın.
(Nisa surəsi, 15)
Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman: “Mən indi tövbə etdim”, - deyən kimsələrin və inkar edən olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq.
(Nisa surəsi, 18)
Harada olursunuzsa olun, hətta möhkəm qalalar içərisində olsanız belə ölüm sizə çatacaqdır”. Əgər onlara bir yaxşılıq yetişərsə: “Bu, Allah tərəfindəndir!” - deyərlər. Əgər onlara bir pislik toxunarsa: “Bu səndəndir!” - deyərlər. De: “Hamısı Allahdandır”. Bu insanlara nə olub ki, az qala söz də başa düşmürlər!
(Nisa surəsi, 78)
Kim Allah yolunda hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allah və Onun elçisi yolunda hicrət etmək üçün evindən çıxar, sonra da ölümü çatarsa, onun mükafatını vermək Allaha aiddir. Allah bağışlayandır, rəhmlidir.
(Nisa surəsi, 100)
Ey iman edənlər! Sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun! Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən) şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar: “Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və Allahın şahidliyini gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içsinlər.
(Maidə surəsi, 106)
O (Allah), bəndələri üzərində tam hakimiyyət sahibidir. O sizə gözətçi mələklər göndərir. Nəhayət, birinizin ölümü çatdığı zaman mələklərimiz onun canını alar. Onlar (öz işlərində) heç bir nöqsana yol verməzlər.
(Ənam surəsi, 61)
Allaha iftira yaxan, yaxud özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur!” - deyən və: “Mən də Allahın endirdiyinin (endirdiyi ayələrin) bənzərini endirəcəyəm!” - deyən kimsədən daha zalım kim ola bilər?! O zalımlar ölümün (boğucu) dalğaları içində ikən mələklər də əllərini uzadıb (onlara): “Çıxarın canlarınızı! Allaha qarşı yalan sözlər danışdığınıza və Onun ayələrinə qarşı təkəbbür göstərdiyinizə görə siz bu gün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” - deyərkən onların halını bir görəydin.
(Ənam surəsi, 93)
De: “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür.
(Ənam surəsi, 162)
Həqiqət ortaya çıxdıqdan sonra, ölümə sürüklənirlərmiş kimi (narazıçılıq içində) baxaraq onun barəsində səninlə mübahisə edirlər.
(Ənfal surəsi, 6)
Hansınızın əməlinin daha gözəl olacağını sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur. O zaman Onun ərşi su üzərində idi. Əgər sən: “Həqiqətən, siz öldükdən sonra dirildiləcəksiniz!” - desən, inkar edənlər mütləq: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir”, - deyəcəklər.
(Hud surəsi, 7)
Onu qurtum-qurtum içər, ancaq uda bilməz. Ona hər tərəfdən ölüm gələr, ancaq o ölməz. Bunun ardınca da şiddətli bir əzab vardır.
(İbrahim surəsi, 17)
Allah göydən su endirdi və onunla yer üzünü ölümündən sonra diriltdi. Şübhəsiz ki, bunda (haqqı) dinləyənlər üçün dəlillər vardır.
(Nəhl surəsi, 65)
O zaman sənə həyatın və ölümün əzabını ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzdin.
(İsra surəsi, 75)
Biz onları (elçiləri) yemək yeməyən bir cəsəd etmədik. Onlar (bu dünyada) əbədi də deyillər.
(Ənbiya surəsi, 8)
Səndən əvvəl də heç bir insana əbədilik vermədik. Əgər sən ölsən, onlar əbədi qalacaqlar?!
(Ənbiya surəsi, 34)
Hər can ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz Bizə qaytarılacaqsınız.
(Ənbiya surəsi, 35)
Nəhayət, onlardan (müşriklərdən) birinə ölüm gəlib çatdığı zaman belə deyər: “Ey Rəbbim! Məni (dünyaya) geri qaytar!
(Muminun surəsi, 99)
Hər can ölümü dadacaqdır! Sonra siz Bizə qaytarılacaqsınız.
(Ənkəbut surəsi, 57)
Əgər onlardan: “Göydən su endirib onunla ölü torpağa can verən kimdir?” - deyə soruşsan, onlar mütləq: “Allah!” - deyərlər. De ki: “Həmd Allaha məxsusdur!” Ancaq onların çoxu düşünməz.
(Ənkəbut surəsi, 63)
Allah ölüdən dirini, diridən də ölünü çıxardar. Torpaq öldükdən sonra (Allah) ona can verər. Siz də belə çıxardılacaqsınız.
(Rum surəsi, 19)
Sizə qorxu və ümidi hiss etdirmək üçün ildırımı göstərməsi də Onun (varlığının) dəlillərindəndir. O, göydən su endirir və ölümündən sonra onunla torpağa can verir. Həqiqətən, düşünənlər üçün bunda ibrətlər vardır.
(Rum surəsi, 24)
Elə isə Allahın mərhəmətinin izlərinə bax ki, öldükdən sonra yeri necə dirildir. Şübhəsiz ki, O, ölüləri də dirildəcəkdir. O, hər şeyə qadirdir.
(Rum surəsi, 50)
De: “Sizin üçün təyin edilən ölüm mələyi canınızı alacaq, sonra siz Rəbbinizə qaytarılacaqsınız”.
(Səcdə surəsi, 11)
De: “Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz! (Döyüşdən qaçdığınız təqdirdə) siz yalnız az bir müddət (dünya nemətlərindən) istifadə edə biləcəksiniz.
(Əhzab surəsi, 16)
(Gəlsələr də) sizə qarşı xəsisdirlər. Onlara qorxu üz verdikdə can üstə olan adam kimi gözləri dönərək sənə baxdıqlarını görərsən. Qorxu getdikdən sonra isə, xeyirdə (qənimət mallarında) xəsislik edərək acı dilləri ilə sizi incidərlər. Onlar iman etməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır.
(Əhzab surəsi, 19)
Ölümünə hökm etdiyimiz zaman onun öldüyünü ancaq əsasını yeyən bir ağac qurdu onlara göstərdi. O, (Süleyman ölmüş vəziyyətdə) yerə yıxıldıqda aydın oldu ki, əgər cinlər qeybi bilsəydilər, alçaldıcı əzabın içində qalmazdılar.
(Səba surəsi, 14)
Küləkləri göndərib buludları hərəkətə gətirən Allahdır. Biz onu (buludu) ölü bir məmləkətə göndərərik və quruduqdan sonra torpağı onunla dirildərik. Axirətdəki diriltmək də belə olacaqdır.
(Fatir surəsi, 9)
İlk (dünyadakı) ölümümüz istisna olmaqla! Əzaba da məruz qalmayacağıq”.
(Saffat surəsi, 59)
Allah əcəlləri çatdığı zaman insanların canlarını alar, ölməyənlərin canlarını da yuxuda (müvəqqəti olaraq) alar. Yuxuda ikən ölümünə hökm verdiyinin ruhunu saxlayar (canını alar), digərlərini isə müəyyən bir vaxta qədər (həyata) geri qaytarar. Həqiqətən, düşünən insanlar üçün bunda ibrətlər vardır.
(Zumər surəsi, 42)
Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər.
(Zumər surəsi, 30)
Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda bir-birinizlə mübahisə edəcəksiniz.
(Zumər surəsi, 31)
“Biz dünyadakı ölümümüzdən sonra bir daha dirilməyəcəyik.
(Duxan surəsi, 35)
Onlar dünyadakı ölümdən sonra orada heç bir ölümü dadmayacaqlar. Allah onları cəhənnəm əzabından qorumuşdur.
(Duxan surəsi, 56)
Gecə və gündüzün ard-arda gəlməsində, Allahın göydən ruzi (su) endirib onunla torpağı ölümündən sonra diriltməsində və küləkləri əsdirməsində də düşünüb dərk edənlər üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
(Casiyə surəsi, 5)
Yoxsa pis işlər görənlər dünya həyatında və ölümdən sonra onları iman edib yaxşı işlər görənlərlə bir tutacağımızımı zənn edirlər?! Onlar necə də pis hökm verirlər!
(Casiyə surəsi, 21)
Möminlər: “(Cihad haqqında) bir surə nazil olmalı deyildimi?” - deyirdilər. Ancaq hökmü açıq olan bir surə nazil olub orada döyüşdən bəhs edildiyi zaman qəlbində xəstəlik olanların ölüm ayağında bayılan kimsənin baxdığı kimi sənə baxdıqlarını görərsən. Onlara yaraşan da budur!
(Məhəmməd surəsi, 20)
Bəndələrə ruzi olsun deyə! Biz o su ilə ölü bir məmləkətə can verdik. Yenidən dirilmə də belə olacaqdır.
(Qaf surəsi, 11)
(Ey insan!) Bu sənin qaçdığın ölüm sərxoşluğu mütləq gələcəkdir.
(Qaf surəsi, 19)
Onların ətrafında həmişəcavan (xidmətçi) gənclər (mələk qılman) dolanacaqlar.
(Vaqiə surəsi, 17)
Sizin aranızda ölümü də Biz müəyyənləşdirdik. Heç kim Bizə mane ola bilməz -
(Vaqiə surəsi, 60)
Bilin ki, Allah torpağı ölümündən sonra dirildər. Biz sizə ayələri bəyan etdik ki, düşünüb dərk edəsiniz.
(Hədid surəsi, 17)
De: “Ey yəhudilər! Əgər digər insanlar yox, məhz sizin Allahın dostları olduğunuzu iddia edir və doğru deyirsinizsə, onda ölümü istəyin!”
(Cümə surəsi, 6)
Ancaq onlar öz əlləri ilə etdikləri günahlara görə əsla onu istəməzlər. Allah zalımları bilir.
(Cümə surəsi, 7)
De: “Qaçdığınız ölüm, əlbəttə, sizi yaxalayacaqdır. Sonra gizli olanı da, aşkar olanı da bilən Allaha qaytarılacaqsınız. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir.
(Cümə surəsi, 8)
Sizdən birinizin ölümü gəlib çatmazdan əvvəl sizə verdiyimiz ruzidən infaq edin ki, sonra o: “Ey Rəbbim! Kaş yaxın bir vaxta qədər məni (ölümümü) təxirə salaydın. Beləcə, mən də sədəqə verər və salehlərdən olardım!” - deməsin.
(Münafiqun surəsi, 10)
O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır.
(Mülk surəsi, 2)
Kaş ölümlə hər şey bitmiş olaydı.
(Haqqə surəsi, 27)